İƏT İslam irsinin qorunması üzrə vahid platforma yaradacaq

Hazırda oxunan: İƏT İslam irsinin qorunması üzrə vahid platforma yaradacaq

136527

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibliyinin Ciddədəki baş qərargahında İslam dünyasında mədəni irsin qorunması və təbliği sahəsində vahid platformanın yaradılması üzrə açıq hökumətlərarası ekspert qrupunun iclası keçirilib. 

Bizim.Media təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, İƏT fövqəladə hallarda mədəni və təbii irsin qorunmasına yönəlmiş beynəlxalq səyləri və təşəbbüsləri dəstəkləyib.

İclasda qeyd olunub ki, təşkilat eyni kontekstdə qlobal səylərə öz töhfəsini verməkdə, bu son dərəcə vacib məsələ üzrə fəaliyyəti gücləndirməkdə davam edir. 

İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın adından onun humanitar, mədəni və sosial məsələlər üzrə köməkçisi, səfir Tariq Əli Baxit çıxış edib. O vurğulayıb ki, mədəni irs İƏT-in coğrafi məkanında müxtəlif və zəngin mədəni sərvətləri özündə cəmləşdirir və həqiqətən də xalqların kollektiv yaddaşının qorunması, tarixi sivilizasiyanın davamlılığının təmin edilməsi prosesində əsas amildir. 

Səfir Tarik qeyd edib ki, iclasın keçirilməsindən məqsəd bu mandatın icrası prosesini izləmək və nəhəng, perspektivli və potensial olaraq faydalı layihənin müxtəlif aspektlərini müzakirə etməkdir.

O, həmçinin bildirib ki, iki gün davam edəcək tədbirin İƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunması və genişləndirilməsində gələcək rolu ilə bağlı səmərəli müzakirələr üçün faydalı olacağına əmindir. 
Ekspertlər qrupu İƏT-in qətnamələrinin, xüsusilə də Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul edilmiş İslam və dünya tarixi-mədəni irsinin qorunmasına dair 10/49-C saylı Qətnamənin icrası çərçivəsində görüşüb.

İclasda İƏT-in müvafiq orqan və institutlarının sözügedən platformanın yaradılması və təşviqi üzrə təklifləri ətrafında fikir mübadiləsi aparılıb. 

Platformanın yekun variantı İslam ölkələrinin mədəni irsin qorunması sahəsində fəaliyyət göstərən qurumlarına göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin