Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilməsi Prezidentin 2020-ci il 24 noyabr tarixli sərəncamına əsasən inşa olunur.
Tikintinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.
Məlumatda o da bildirilir ki, dəmir yolu xəttinin Ağdam vağzalının təməli qoyulub.
Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulub.
Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir.
Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.
Qeyd edək ki, Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək. Dəmir yolu vağzalında gündəlik 1000 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulub.
Alçina Amilqızı, Bizim.Media