Quduzluq olan Şabranda SON VƏZİYYƏT - FOTO

Hazırda oxunan: Quduzluq olan Şabranda SON VƏZİYYƏT - FOTO

136444

Şabranda Qorğan kəndinin sakinləri kənddə həm heyvanlar, həm də insanlar arasında quduzluq xəstəliyinin yayılmasından çox təşviş keçirirlər. Təxminən 20 gün əvvəl çaqqalların hücumuna məruz qalmış yaralı heyvanlardan birinin kəsilib bişirilərək qohum-qonşulara qonaqlıq verilməsi ajiotaja səbəb olub.

Bu qonaqlıqda iştirak edən sakinlər quduzluq xəstəliyinə qarşı təcili tədbirlərə cəlb edilib.

Məsələ ilə bağlı Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asif Nəsibov Bizim.Media-nın sorğusunu cavablandırıb. 

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsindən mərkəzə verilən məlumata əsasən, quduz heyvanın ətindən istifadə edən 30-a yaxın insanın quduzluğa yoluxub-yoluxmaması araşdırılır. Amma həmin əti yemiş şəxslərin quduzluğa yoluxması mümkün deyil, onların yoluxma ehtimalı, demək olar ki, yoxdur.

Asif Nəsibov bildirib ki, onları əsas narahat edən çaqqalın yaraladığı heyvanların kəsilib soyulmasında, doğranılmasında, bir sözlə, soyuq emalında iştirak etmiş 5 nəfərin vəziyyətidir. Həmin 5 nəfərə təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsində quduzluq əleyhinə vaksin vurulub. Onlar xüsusi nəzarətə götürülüb.

Ümumiyyətlə, Qorğan kəndində baş verən bu hadisə hərtərəfli nəzarətə götürülüb. Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev hazırda çaqqalların yaraladığı və ötən gün ölən 7-ci qoyunun yandırılaraq basdırıldığını bildirib. Mal-qara arasında quduzluğa qarşı tədbirlər gücləndirilib.

Şabran Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəms Şahbazova isə tibb müəssisəsində ümumilikdə 9 nəfərə quduzluq vaksini vurulduğunu açıqlayıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin