Vətəndaş Zahid Məmmədov Çindən şəxsi istifadə üçün aldığı kvadrosiklı (dörd təkərli motosikl – red.) gömrükdə qeydiyyatdan keçirə bilmir.
Bizim.Media “sfera.az"a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən İpək Yolu Terminalında üzləşdiyi çətinliklərlə bağlı müraciət edən Z.Məmmədov ona gömrükdə müxtəlif problemlər yaradıldığını və bu səbəbdən malını götürə bilmədiyini söyləyib.
Şikayətçi bildirir ki, bir müddət öncə şəxsi istifadə üçün Çindən kiçik həcmli benzin mühərriklə təchiz edilmir “Shutv-034” model kvadrosikl alıb. İki nəfər sərnişini daşımaq qabiliyyəti olan “Shutv-034” model kvadrosikl şəxsi istifadə məqsədilə idxal edilib.
Z.Məmmədov qeyd edir ki, nəqliyyat vasitəsi Azərbaycan gömrüyünə gələndən sonra bəyannamə yazıb.
Onun sözlərinə görə bəyannaməni qaydalara uyğun doldurmasına baxmayaraq, sənəd təsdiqlənmir:
“Bəyannamədə malın xaricdəki alış qiyməti, daşınma xərcləri göstərilib. Qaydalara əsasən bəyannamə yazıldıqdan sonra təsdiq edilməli və bundan sonra gömrük ödənişi həyata keçirilməlidir. Amma Dövlət Gömrük Komitəsi bəyannaməni təsdiq etmir.
Komitədən bildirirlər ki, kvadrosiklə görə qısa idxal bəyannaməsi yazılmalıdır. Mən malı şəxsi istifadə məqsədilə aldığımı bildirsəm də gömrükdə mənimlə razılaşmırlar. Komitədən bildirirlər ki, bu malı kommersiya məqsədilə gətirdiyindən hökmən qısa idxal bəyannaməsi yazılmalıdır”.
Arayış üçün bidirək ki, 2018-ci ilin dekabrın 28-də Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilən dəyişikliyə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməlidir.
Bu qayda fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan (qeyri-kommersiya) mallarının gömrük sərhədindən keçirilməsi hallarına şamil edilmir.
Z.Məmmədov deyir ki, bu tələbə etiraz etdikdən sonra gömrükdə sənədlər tədqiqata göndərilib:
“Mən məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin qaynar xəttinə şikayətimi çatdırmışam. Cənab Prezident gömrükdəki bu kimi nöqsanları nəzərə alaraq rəhbərliyi dəyişdirib ki, insanlar rahat şəkildə xaricdən mal alsın və ya xaricə mal sata bilsin.
Amma üzləşdiyim fakt göstərir ki, gömrükdə əvvəlki bəzi nöqsanlar aradan qaldırılmayıb, vətəndaşlar adi məsələlərə görə incidilir. Şikayətimdən sonra mənə bildirdilər ki, gətirdiyim mal kommersiya məqsədilə alınan mallar kateqoriyasına aid ola bilər. Ona görə də tədqiqata göndirmişik və yoxlamadan sonra cavab veriləcək”.
Şikayətçi deyir ki, onun xaricdən aldığı mal adi nəqliyyat vasitəsidir və bu tip nəqliyyat vasitələri adətən şəxsi istifadə üçün alınır:
“Mən də bu məqsədlə almışam və burada şübhə yaradacaq hal, əlamət yoxdur. Əgər mən bu cür malları dəfələrlə gətirmiş olsaydım, o halda məhsulun kommersiya məqsədilə gətirilməsinə dair şübhə ola bilərdi. Lakin qeyd edim ki, indiyə qədər gömrükdən mal keçirməmişəm, adım gömrüyün sistemində olmayıb. İlk dəfədir ki, şəxsi istifadə məqsədlə belə bir mal alıram. Bu nəqliyyat vasitəsini də Zaqatala rayonunda istifadə etmək üçün almışam. Orada yaşayıram və şəxsi təsərrüfatımda istifadə edəcəm.
Məni narazı salan odur ki, xaricdən aldığım malı qeydiyyata salmadıqlarından götürə bilmirəm. Komitə qısa idxal bəyannaməsinin yazılmasında israr edir”.
Şikayətçi bildirir ki, aldığı nəqliyyat vasitəsinin Çində olan dəyəri 2100 ABŞ dollarıdır və həmin malın Azəraycana çatdırılması üçün təxminən 600 manata yaxın pul ödəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:32 / 16.05.2023
Motosiklə görə gömrükdə incidilən vətəndaş şikayətçidir: “Mənə deyirlər ki...”
Hazırda oxunan: Motosiklə görə gömrükdə incidilən vətəndaş şikayətçidir: “Mənə deyirlər ki...”
Hazırda oxunan: Motosiklə görə gömrükdə incidilən vətəndaş şikayətçidir: “Mənə deyirlər ki...”
136252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.