Qarabağ müharibəsi zamanı bu torpağın hər qarışını qorumaq üçün canından, qanından keçən igid oğullarımız olub. Bu gün sizi onlardan biri ilə tanış edəcəyik. O, “Şuşa Özünü Ərazi Müdafiə Batalyonu”x9dnun komandiri baş leytenant Fəxrəddin Səfərovdu.
Fəxrəddin müəllim 1952-ci ildə Füzuli rayonunun Araz Yağlavənd kəndində anadan olub. İxtisasca Dil və ədəbiyyat müəllimidir. Bununla yanaşı idmanın güləş növü ilə məşğul olur. Bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak edib. İndi isə, tələbələr hazırlayır. Bu gün biz onun maraqlı döyüş yolu ilə tanış olacağıq.
- Fəxrəddin müəllim, siz nə vaxtdan döyüşə başladınız?
- Ümumilikdə götürəndə artıq 1988-ci ildə hadislər başlayanda, mən də bu hadisələrə qoşularaq özümüzü müdafiə etməyə çalışırdıq. Mən 1974-cü ildən təyinatla Şuşada müəllim kimi çalışırdım və onda bu hadisələr olanda mən Şuşada yaşayırdım. 1992-ci ildə Qarabağda hadisələrin qızışdığı bir vaxta isə, mən rayon Hərbi Komissarlığına ərizə ilə müraciət edərək, döyüşlərə başladım. Əvvəllər rus ordusu Azərbaycan və erməni silahlı qüvvələrinin arasında dayanaraq, təhlükəsizliyi təmin eləyirdi. Amma, sonradan rus ordusunun ermənilərə qarşı meyilli olduğunu gördükdən sonra, biz özümüz könüllü döyüşçülər yığmağa başladıq. Azərbaycanda ilk hərbi batalyon Şuşa rayonunda yaradılıb və bu “Şuşa Özünü Ərazi Müdafiə Batalyon”x9du idi. Bizim bu batalyonda respublikamızın hər bir bölgəsindən olan igid oğlanlarımız döyüşürdü. Batayonun komandiri isə mən idim. Demək olar ki, kəndlərimizin müdafiəsində bütün gücümüz çatan qədər döyüşmüşük. Hadisələr getdikcə daha da mürəkkəbləşməyə doğru gedirdi. Yəni, bizim batalyonu ləğv etmək fikrinə düşənlər, batalyona əvvəllər dövlət səviyyəsində o qədər də müsbət münasibət yox idi, Bakıda baş vermiş bir çox hadisələr buna mənfi təsir göstərirdi. Həmin vaxtı Bakıdan gələn bir çox adamlar var idi ki, səlahiyyəti, təcrübəsi olmaya-olmaya Şuşa batalyonuna göstəriş verirdi. Elə olub ki, AXC-nin üzvü olaraq gəlib batalyona göstəriş verib. Əslində isə, onun nə səlahiyyəti, nə də hərbi rütbəsi olub. Belə hadisələr isə batalyonda nizam-intizamın pozulmasına səbəb olurdu. Amma buna baxmayaraq, biz mübarizəmizi davab etdirirdik.
- Siz o batalyonu ərazilərə bölmüşdünüz, elə deyilmi?
- Bəli, biz də batalyonda 600-ə yaxın əsgərimiz var idi, amma silahımız isə çox az idi. 600-ə yaxın əsgərin 115 avtomatı var idi. Geyimimiz - ərzaqımız istənilən qədər var idi, amma silahımız isə çatmırdı. Hətta May ayının 8-i Şuşa işğal olunan günü əsgərlərdən çoxu silahsız döyüş bölgəsinə gedirdi. Bir çoxuna mən deyəndə ki, gözləyin mən deyəndə gələrsiniz. Deyirdilər ki, yox e komandir, birdən ölən və ya yaralanan olar, heç olmasa silahını götürüm mən döyüşüm. Tədricən Şuşaya batalyonlar gəldi. Qarabağ Özünümüdafiə Batalyonu və Xüsusi təyinatlılar cəlb olundu. Rayon polisləri də TPS-adlı bölmə yaradmışdılar. Onlar həm şəhərdə asayişi qoruyurdular, həmdə şəhərə olan hücumların qarşısını alırdılar. Ordudan əvvəl şəhərin müdafiəsi polislə könüllülərin üzərinə düşürdü.
- Şuşa rayonu ilə bağlı bir çox fikirlər irəli sürürlər. Bir çoxları da qeyd edir ki, Mayın 8-i Şuşa rayonu işğal olunanda şəhərdə heç kim olmayıb. Buna öz münasibətinizi bildirərdiniz. Çünki, həmin vaxtı siz orda olmusunuz.
- Doğrusu 1991-ci il və 1992-ci illər ərəfəsində bu hadisələrdən qorxan, özünü bu səs küydə pis hiss eləyən bir çox adamlar var idi ki, onlar Şuşa rayonunu tərk etmişdilər. İndi həmin adamlardı ki, qalstuq vuraraq, mətbuatda müsahibə verirlər. Şuşanı müdafiə etmək üçün texnikayla manevr etməyə torpaq ərazisi yox idi. Şəhərin içində durub şəhəri müdafiə edirdik. Mayın 8-i səhər saat 5:10 radələrindən axşam saat 20:50 radələrinə qədər şəhərin giriş hissəsi olan Tar sexi ərazisində ermənilərlə döyüşmüşük. Şəhərin giriş hissəsi Xəstəxana, Həbsxana və Tar sexi istiqamətində idi, və biz də bu istiqamətlərdə şəhəri müdafiə edirdik. Bizim həmin vaxtı bir dənə tankımız var idi, onu da Albert sürürdü. Sübh tezdən Alberti də ermənilər vurdu. Qaldı ki, sizin o sulanıza, Şuşa döyüşüb. Həmin vaxtı Şuşaya mənəvi və fiziki cəhətdən heç kim kömək eləmədi. Ayın səkkizində Şuşaya çox güclü artilleriya yağışı yağdı. Siz təsəvvür eləyin ki, şəhərin bu küçəsindən o, küçəsinə keçmək olmurdu. Bempelər və iri çaplı pilamyotlar bir dəqiqə belə susmurdu. Şuşa Mayın 8-i işğal olunan günü 196 əsgərimiz şəhid oldu. 400-ə qədər əsgər yaralanıb. Siz təsəvvür eləyin ki, şəhər od od tutub yanırdı. Biz Tar sexi istiqamətində döyüşəndə bizim batalyonun 4-6 metrliyinə qədər rus odusu yeridi. Biz həmin ərazidə dayanmadan 2 saata qədər dayanmadan atışmışıq. Sonra ermənilər göyə iki qəbərdarlıq edici şar güllə atdılar. Təxminən 10-15 dəqiqə sonra bizim dayandığmız ərazini tank demək olar ki, şumladı. Orada mənin 6-7 əsgərim şəhid oldu, nə qədər əsgərim yaralandı. Hətta snaryad düşəndə əsgərimi yerdən göyə qaldıraraq, göydən yerə paltarsız düşdüyü yadımdadı.
- Bəs Şuşadan necə çıxdınız?
- Axşam saat 6 radələrində mənə əmr gəldi. Həmin vaxtı biz şəhərdən iki yeşik patron götürüb Tar sexi ərazisinə gedirdik. Çünki, silahımız azalırdı. Onlar bizə belə bir əmr verdilər ki, hərbi qüvvə və texnika Şuşanı tərk eləsin! Azərbaycanın qaranquşları Şuşanı bombayla yandıracaqlar. Mən orada sual verdim ki, bu qaranquş nə deməkdi? Dedilər ki, rabitədə təyyarənin adı qaranquşla əvəz olunub ki, düşmən tərəf bilməsin. Onda mənim döyüşçüm blindajın üstündə oturub ağladı. Dedi ki, komandir yandırırlar elə Xankəndin yandırsınlar da, Şuşanı niyə yandırırlar? Doğrudan da ağıllı məntiqdi də qoy sənin təyyarən gəlib Xankəndin yandırsın, onlar da Şuşanı işğal eləyə bilməsinlər. Bu əmrdən sonra mənim əsgərlərim mənim yanıma gəldilər və dedilər ki, komandir artıq şəhərə yayılıb ki, biz şəhərdən çıxmalıyıq. Mən dedim ki, bundan söhbət belə gedə bilməz. Mənim müavinim Əvəz Məmmədov dedi ki, komandir siz hərbçi deyilsiniz! Əmr müzakirə olunmur. Gəlin su anbarının yanında mövqe tutağın baxaq görək nə olur. Sonra isə yenə qayıdarıq şəhərə. Bu əmr bizlərin Şuşadan çıxmasına səbəb oldu. Bir şeyi də sizə demək istəyirəm. bu mənə mənəvi cəhətdən çox təsir eləyir. Şuşada döyüşçülər gecələr mövqe döyüşlərinə gedirdilər. Səhərə qədər yatmırdılar. Biz axşamlar yığılıb müzakirələr aparırdıq. Bir məsələ ortaya çıxdı ki, bəs əsgərlər acından əziyyət çəkir. Bundan da mövqe döyüşlərinə qedən əsgərlər əziyyət çəkirdi. Biz bir məsələ qaldırdıq ki, məsələn batalyonda 400 əsgər varsa, bir gündə 800 nəfərlik ərzaq götürülsün və bu gecə posta olan əsgərlərə paylanılsın. Elbrus Orucov televizorda müsahibə verib deyir ki, F.Səfərovun batalyonunda 400 əsgər var idi, amma o, 800 nəfərlik ərzaq götürürdü. Bu belə məsələləri deyib, millətin ürəyinə qara salmaq lazım deyil. Axı, bunu E.Orucov özü təyin eləmişdi.
- Bəs necə oldu yaralandınız?
- Həmin döyüşlərdə mən üç dəfə yaralanmışam. Bir dəfə qolumdan, ikinci dəfə çiynimdən, üçüncü dəfə isə minaya düşdüb ağır yaralanmışam.
- Erməni döyüşçülərdən heç əsir düşəni olubmu sizə?
- Bir erməni qadını var idi, yanında da bir uşaq əsir düşmüşdülər. Biz onlara toxunmamışıq mən onları gətirib polis bölməsinə təhvil vermişəm ki, öz əsirlərimizlə dəyişərik. Onları suyla, çörəklə təmin eləmişəm. Amma ermənilər bunu etmirdi. Onlar dəhşətli işgəncələr verirdi bizim əsirlərə. Qarabağda ermənilər dörd qardaşın başını atasının və anasının gözü qarşısında kəsib. Onlar bizə çox vəşiliklər eləyiblər. Çingiz Mustafayevin Xocalıda lentə aldığı meyidlər onunla bitmirdi. O, meyidlər böyük bir ərazini işğal edirdi. Sadəcə Ç.Mustafayev çəkə bildiyi əraziləri çəkə bilmişdi.



Vasif Əlihüseyn




































































































