2 yaşlı nəvəsindən İMTİNA EDƏN nənə: “Ana övladlarını tanımır, mən də dövlətə verirəm” – ÖZƏL  

Hazırda oxunan: 2 yaşlı nəvəsindən İMTİNA EDƏN nənə: “Ana övladlarını tanımır, mən də dövlətə verirəm” – ÖZƏL  

135676

Bakıda nənə himayəsində olan 2 yaşlı nəvəsindən imtina edir. Körpə ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına müraciət edən nənə oradan əliboş qayıdıb. Daha doğrusu, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə yaşlı qadına nəvəsinin onların sığınacaqlarına yerləşdirilməsi üçün səlahiyyətləri olmadığını izah edib və problemin həlli üçün Sosial Xidmətlər Agentliyinə yönləndirib. 

Qadın prosedurlardan məlumatsız olduğu üçün sözügedən quruma üz tutmayıb.

Kəmalə Ağazadə isə yerli icra hakimiyyətini, ərazi üzrə polis bölməsini və öz növbəsində Sosial Xidmətlər Agentliyini bu barədə məlumatlandırıb. Amma adıçəkilən qurumlardan hələki heç bir reaksiya yoxdur.

Bizim.Media-ya danışan nənənin (konfidensiallığı qorumaq üçün adını açıqlamırıq) sözlərinə görə səhhətində ciddi problemi olduğu üçün azyaşlını dövlətin himayəsinə təhvil vermək istəyir:

“Xəstəyəm, əməliyyata gedəcəyəm. 3 qız nəvəm var, ikisi əkizdir. 4 yaşlı əkizlərdən birini doğulan gündən mən, digərini ana nənəsi saxlayır. Üçüncü uşağı isə artıq saxlaya bilmirəm. Səhhətim imkan vermir. Anası Ruhi Əsəb Dispanserdədir, gözü tutulub və üstəlik onkoloji xəstədir. Övladlarını tanımır. Atası isə Qubadlıda fəhlə işləyir. Neyləməliyəm, saxlayan yoxdur, küçəyə atmayacağam ki, dövlətə verməliyəm də... Məcburi köçkünük və müvəqqəti olaraq Bakıda yaşayırıq. Tam olaraq hara, hansı quruma müraciət edəcəyimi bilmirəm. Bu gün isə məni “Ümid yeri” Uşaq Sığınacağına yönləndiriblər. Hazırda uşağı ora aparmağa hazırlaşıram”, - deyə nənə əlavə edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Bizim.Media-ya açıqlamasında məsələnin onların nəzarətində olduğunu bildirib:

“Agentliyə bu barədə müraciət daxil olmayıb. Ancaq məsələ diqqətimizdədir. Qanunvericiliyə uyğun lazımi addım atılacaq”,- deyə o, bildirib. 

Qeyd edək ki, müsahibimizə qanunvericliyə uyğun addım atmadığını və azyaşlının “Ümid yeri” Uşaq Sığınacağına verilməsinin prosedur qaydalarına uyğun olmadığını izah etsək də, nənə israrla ora üz tutacağını bildirib. 

Ümid edirik, valideynlərindən və bir-birlərindən elə uşaqkən qopan məsumların taleyi ilə bağlı məsələ cavabdeh qurumlar tərəfindən nəzarətə götürülməklə yekunlaşmayacaq, həm də problem tez bir zamanda yoluna qoyulacaq.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin