Artıq xeyli müddətdir ki, Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) daxilində gedən ciddi qarşıdurmalar səngimək bilmir.
Əksinə, bu qarşıdurmanın daha da şiddətləndiyi müşahidə edilməkdədir. Bir neçə gün əvvəl partiyanın İdarə Heyətinin üzvü İsmayıl Nəzirli 35 nəfər üzvlə birlikdə təşkilatdan istefa verdiyini bəyan edib. Nəzirli İbadoğluna inamının itdiyini bildirib.
Onu təşkilatla maraqlanmamaqda, hərəkatdan istifadə edərək beynəlxalq donor təşkilatlardan külli miqdarda pul almaqda, partiyadan merkantil maraqları naminə istifadə etməkdə suçlayıb.
Partiyada vəziyyət o həddə çatıb ki, artıq tərəflər bir-birilərinin şəxsi mesajlarını yayaraq ifşa edirlər.
MÖVZU İLƏ BAĞLI:
Adil Qeybulladan Qubad İbadoğluna SƏRT İTTİHAMLAR – “Layk quyruğunda sürünən...”
Belə ki, Qubad İbadoğlu sosial şəbəkə hesabında İsmayıl Nəzirlinin ondan borc pul istəməsi ilə bağlı yazışmaları paylaşıb.
“İsmayil Nəzirli son illər məndən dəfələrlə pul istəyib, məqsədinə nail olmadığına görə, bir neçə gündür ki, haqqımda ağır böhtanlar yazdı, şər atdı, şəxsimi təhqir etdi, ailəmə əl uzatdı, bir sözlə qırmızı xətti keçdi”, - deyə partiya sədri qeyd edib.
İsmayıl Nəzirli isə Qubad İbadoğlundan vaxtilə 200 manat borc pul istəməsinin ikinci tərəfindən sosial şəbəkələrdə ictimailəşdirməsinin də etik dəyərlərə zidd olduğunu bildirib.
Qeyd edək ki, ADR hərəkat olaraq 2014-cü ildə yaranıb, 2021-ci ildə isə partiyaya çevrilib. Lakin təşkilat dövlət qeydiyyatına alınmayıb. Partiyada narazılıq da məhz ondan sonra başlayıb. Xüsusən də Q. İbadoğlunun qeydiyyata alınmadıqdan sonra partiyanı yenidən hərəkat statusuna endirməsi fonunda daxili çəkişmələr daha da intensivləşib.
İlk olaraq Səxavət Əlisoy keçən ilin noyabrın əvvəlində Q. İbadoğluna qarşı çıxaraq onu tənqid atəşinə tutub. O İbadoğlunu qrant almaqda ittiham edərək təşkilatdan istefa verib.
Partiyanın buraxılaraq yenidən hərəkata çevrilməsi fonunda İH-nin üzvü Adil Qeybullanın səsləndirdiyi tənqidi fikirlər isə təşkilatda parçalanmanın qaçılmaz olduğunu deməyə əsas verdi. O, Qubad İbadoğlunun uzun müddət partiya sədri və Partiyanın Məclis sədri vəzifəsini paralel icra etməsinə iradını bildirib.
Bu vəziyyətin partiya daxilində ikitərliyə səbəb olduğunu qeyd edən professor əlavə edib ki, “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra vəziyyət daha da qəlizləşib. Bu fonda A. Qeybulla da ADR-dən istefa verib.
İndi isə gördüyümüz kimi, İsmayıl Nəzirli də 34 nəfərlə birlikdə təşkilatdan istefa verir.
Bu hal ADR-də ciddi böhran vəziyyətinin yarandığını söyləməyə əsas verir. Prosesin bu müstəvidə davam etməsi, üzvlər arasında baş verən qarşılıqlı ittihamlar təşkilatda parçalanmanın qaçılmaz olduğundan xəbər verir.
Bunun nəticəsidir ki, ADR Hərəkatı yaranandan bəri 5 İH üzvü istefa verib. İH-nin 4 üzvü isə dünyasını dəyişib. Yerdə qalan 7 təsisçi faktiki olaraq hazırda iki cəbhəyə bölünüb.
Görünən odur ki, təşkilatın bir qrup üzvü ADR-dən ayrılaraq ya hansısa başqa bir siyasi quruma üzv olacaq, ya da ümumiyyətlə siyasi fəaliyyətlərinə son verəcəklər. Ola da bilsin, ADP üzvləri Qubad İbadoğlunun özünü rəhbərlikdən çıxarsınlar.
Hər halda, bəlli olan odur ki, Q. İbadoğlu rəhbərlikdə qaldıqca təşkilat daxilində cərəyan edən gərginlik səngiməyəcək. Əksinə, bu gərginlik növbəti mərhələdə daha kəskin xarakter ala bilər.
Rüfət Sultan, Bizim.Media