BİZİM TƏQVİM: 10 may ulu öndər Heydər Əliyevin doğum günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 may ulu öndər Heydər Əliyevin doğum günüdür

135115

1923-сü ilin bu günündə görkəmli siyasi xadim, Azərbaycan Respublikasının sabiq Prezidenti (1993-2003), Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Bəs, mayın 10-da dünyada daha nələr olub?

1. 10 may 1796-cı ilddə Rus İmperiyası Dərbənd qalasını işğal edib.

2. 10 may 1876-cı ildə Osmanlı dövlətində Mahmud Nədim Paşa tərəfindən qəbul edilən sərəncam ilə Türk mətbuatında senzura ilk dəfə qanuni olaraq tətbiq olunub.

3. 1906-cı ilin bu günündə Rusiyanın birinci Dövlət Dumasının ilk iclası keçirilib. 1905-ci ilin oktyabrında II Nikolayın “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi haqqında” manifestinə əsasən təsis olunub. I Dövlət Dumasındakı müsəlman fraksiyasının 36 üzvündən 5-i azərbaycanlı olub. Fraksiyaya “Kaspi” qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov başçılıq edib.
4. 1908-ci il mayın 10-da Anna Mariya Karvisin rəhbərliyində ABŞ-da ilk dəfə “Analar günü” qeyd olundu. Vəfat edən anasının xatirəsinə Karvisin  təşkil etdiyi yığıncaqda 407 uşaq və anası iştirak etdi.

5. 10 may 1960-cı ildə  ABŞ-ın “Triton” atom qayığının 84 gün davam edən ilk sualtı dünya səyahəti başa çatıb.

6. Cənubi Afrika Cümhuriyyətinin ilk zənci prezidenti Nelson Mandela 10 may 1994-cü ildə vəzifəyə başlayıb.

7. 10 may 2004-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə, maarifçilik, mədəniyyət və digər istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

8. 2005-ci ilin may ayının 10-da ABŞ prezidenti Corc Buşun Tiflisdəki çıxışı zamanı erməni əsilli şəxs tərəfindən ona qumbara atılıb.

9. 10 may 2012-ci ildə Bakıda Heydər Əliyev Mərkəzi açılıb. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, administrativ ofisləri birləşdirir. Özündə müasirliyi təcəssüm etdirən çoxfunksiyalı bina dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib.

10 mayda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1879-cu ilin bu günündə dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub.

Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya Seyminin və Azərbaycan parlamentinin üzvü olub.

2. 10 may 2008-ci ildə 20-ci əsrin ən əhəmiyyətli sopranolarından biri qəbul edilən Türk opera sənətçisi Leyla Gəncər Milanoda vəfat etdi.

3. 1914-cü ilin may ayının 10-da Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin doğum günüdür.

4. Azərbaycanın xalq şairi Musa Yaqub 10 may 1937-ci ildə dünyaya gəlib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin