“Fəsillərə uyğun olaraq dəyişən əhval-ruhiyyəyə daha çox yaz aylarında rast gəlinir. İnsanların çox hissəsində narazılıq, yorğunluq yaranır. Səbəbsiz yaranan baş ağrıları, əsəbilik bahar depressiyasının əsas göstəriciləridir”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Aynur Məmmədli mövsümü dəyişiklərin insana fizioloji və psixoloji baxımdan təsir göstərdiyini vurğulayıb:
“Mövsümü depressiya kişilərə nisbətən qadınlar və uşaqlar daha çox meyillidir. Əgər insan genetikasında depressiyaya meyillilik varsa, yazın və yaxud da qışın heç bir önəmi yoxdur.
Lakin koronavirusun yaratdığı problemlər hər birimizə az da olsa öz təsirini göstərib. Buna görə də çalışın həvəssiz gördüyünüz işlərdən uzaq olub, özünüzə daha çox vaxt ayırın”.
Problemi fizioloji baxımdan təhlil edən mütəxəssis bildirb ki, havaların isinməsi qan dövranına təsir edir:
“Qan təzyiqi getdikcə qalxır və bütün bədən oyanır: Bu səbəbdən çox yatmaq, heç bir iş görməmək istəyi, yuxudan oyananda bədəndə ümumi yorğunluq, əzələlərdə ağrılar, özünü biruzə verir.
Biz çalışmalıyıq ki, həm koronavirusdan, həm də mövsümü xəstəliklərdən qorunmaq üçün daha çox D vitamini qəbul edək.
D vitaminin qəbulu həm də günəşli havada daha çox gəzməklə mümkündür. Daha sonra gün ərzində yuxunu normal saxlamaq, idmanla məşğul olmaq, pis düşüncələri unudub mübarizə aparmalıyıq”.
Gül Qədirli, Bizim.Media