Hövsanda bu küçə XAOS içində - Qanunla qadağan edilən küçə ticarətinə niyə SON QOYULMUR?  

Hazırda oxunan: Hövsanda bu küçə XAOS içində - Qanunla qadağan edilən küçə ticarətinə niyə SON QOYULMUR?  

134521

Hövsan qəsəbə sakinləri qanunsuz küçə ticarətindən şikayətçidirlər. 

Məsələ uzun müddətdir ki, aktualdır. Problemi dəfələrlə gündəmə gətirsək də, məsələ kökündən həllini tapmır. Uzun müddətdir ki, qəsəbənin “Suraxanski” deyilən ərazisində rahat gediş-gəliş üçün maneələrin yaradıldığı, ərazidə antisanitariyanın hökm sürdüyü müşahidə olunur. Sakinlər sıxlıqla yanaşı, ticarətlə məşğul olanların bir-birlərinə qeyri-etik davranışlarından, söyüş və kobud  ifadələrindən təngə gəliblər. Vəziyyət isə düzəlmir.

Növbəti dəfə Bizim.Media-ya bu barədə şikayətlənən sakinlər hərəkətə mane olan pərakəndə ticarətin bazara köçürülməsini və ya səliqə ilə boş ərazilərdən birində nizamlanmasını tələb edirlər.

Dediklərinə görə dəfələrlə küçə ticarəti ilə məşğul olan şəxslər arasında yer üstündə insident yaranır. Bir-birlərinə qeyri-etik ifadələr və söyüşlər istifadə edirlər. 

Sakinlərin bildirdiyinə görə son vaxtlar ərazidə xaotik vəziyyət yaranıb. Ticarətçilər piştaxtalarının sayını çoxaldıb və ərazini bir qədər də zəbt ediblər. Hazırda həmin yolda rahat və sərbəst hərkət etmək mümkünsüz vəziyyətə gətirilib. 

Ərazi üzrə hüquq-mühafizə orqanları isə problemi illərdir ki, görməzdən gəlir. Qanunsuz küçə ticarətinə nəinki mane olurlar, ərazidəki xaosla bağlı duruma belə heç bir müdaxilə etmirlər. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.

Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə, küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin