Ailəsi tərəfindən qaçırılması olay olan qadın övladına QOVUŞDU – ÖZƏL  

Hazırda oxunan: Ailəsi tərəfindən qaçırılması olay olan qadın övladına QOVUŞDU – ÖZƏL  

134468

Atası və nikahda olduğu ailəsi tərəfindən məcburi şəkildə maşına salınaraq qaçırılan, daha sonra övladı əlindən alınan 22 yaşlı Elvina Əhmədova ilə bağlı xəbər var. 

Qadının iddiasına görə nikahda olduğu Əhmədovlar ailəsi tərəfindən dəfələrlə şiddət gördüyü üçün boşanmaq istəyib. Qarşı tərəf buna imkan verməyib, üstəlik 3 yaşlı oğlu əlindən alınıb.

Elvina Əhmədova boşanmaq məqsədilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Bununla bağlı 5 məhkəmə prosesi keçirilib və növbəti iclas mayın 15-nə təyin edilib.  

Bizim.Media-ya bu barədə açıqlama verən Elvina Əhmədova iki həftədir ki, övladına qovuşduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Qaçırılması olay olan qadından EKSKLÜZİV – “Məni İmişliyə öldürməyə aparırdılar”


“Dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Binəqədi Rayon Polis Şöbəsi məcburi uşaqgətirmə ilə bağlı qərar çıxardı və beləliklə həmin rayonun icra hakimiyyətinin iştirakı ilə övladımı geri aldım. Amma qarşı tərəfdən hələ də təzyiq və təhdidlər alıram. Təhlükə olsa da, əsas odur oğlum yanımdadır. Uşaq bərbad durumdadır. Xiffət və qorxudan psixoloji durumu pozulub. Elə arıqlayıb ki, onu görəndə tanıya bilmədim. Yanımdan aralanmır, “ana, heç yerə getmə” deyə dəqiqədə təkrarlayır. Psixoloqla aparmışam və indi də bağçaya yazdırmışam. Özümün ikiotaqlı evim var və işləyirəm. Əlimdən gələn qədər övladımı əvvəlki kimi saxlayıram”.

Elvina Əhmədovanın sözlərinə görə keçmiş həyat yoldaşı ona hər gün təzyiq edir:

“Məhkəməyə az vaxt qalıb deyə, mənə rahat boşanmamız üçün şərt qoyur. Deyir alimentdən imtina et, mən də boşanma ərizəsinə imza atım. Yoxsa 3 ay uzanacaq. Dedim alimentdən imtina etsəm, şənbə-bazar uşağın səndə qalmasından da sən imtina edəcəksən. Çünki mən uşağı yenidən ora verə bilmərəm. O da qayıtdı ki, mənim üçün problem yoxdu. Amma alimentdən əl çək. Onsuz da o adam əvvəl də uşağına baxmırdı və atalıq etmirdi. Məsələlərin bu yerə gəlməsində isə birbaşa atam günahkardı. Yeganə istəyim övladımla rahat və təhlükəsiz şəkildə həyatıma davam etməkdir”. 

Məlumat üçün bildirək ki, Elvina Əhmədova uşaq ikən anasını itirib. Atası və nənəsinin himayəsində böyüyüb.

4 il əvvəl bibisi oğlu Fərid Əhmədovla ailə həyatı qurub. Onların birgə nikahdan 3 yaşlı övladları var. Dəfələrlə şiddət və fiziki təzyiqlərə məruz qalan qadın boşanmaq istəyib. Amma ailə buna imkan verməyib. Nəhayət qadın evdən qaçıb və övladı əlindən alınıb. Bir müddət sonra atası, həyat yoldaşı və qayınanası tərəfindən guya övladı ona veriləcəyi vədi ilə məcburi şəkildə avtomobilə salınaraq qaçırılıb. Qadın isə özünü avtomobildən ataraq, onların əlindən xilas ola bilib. Beləliklə məsələ ictimailəşib və aidiyyəti qurumlar qadının təhlükəsizliyini nəzarətə götürüb. 

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin