Son vaxtlar dünyanın onlayn alış-veriş platformalarında qiymətlər iki dəfəyədək bahalaşıb. Bunu da ekspertlər dünyda baş verən inflyasiya ilə izah edirlər. Məsələn, Türkiyədə inflyasiya tempi nisbətən səngisə də bu ciddi azalma deyil. Avropada da inflyasiya zəifləsə də hələ qalmaqdadır.
Məhz bu inflyasiyanın nəticəsidir ki, Avropada onlayn alış-veriş qiymətləri 5-6, Türkiyədə isə 2 dəfəyədək bahalaşıb. Qiymət artımı daşımalara öz mənfi təsirini göstərib. Son vaxtlar daşımaların həcmi 2 dəfəyədək kiçilib.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bahalaşmanın əsas səbəbi kimi loqistikanı ön plana çıxarıb:
MÖVZU İLƏ BAĞLI:
“Trendyol” Azərbaycana gəlir – Qiymətlər UCUZLAŞACAQ?
“Pandemiya ilə başlayan loqistik zəncirlərin qırılması, Rusiya-Ukrayna müharibəsinin başlaması bunu qlobal hala gətirdi. Çünki, bir çox şirkətlər Rusiyadan və Ukraynadan keçərək onlayn ticarətin məhsullarını daşıyırdı.
Lakin, müharibədən sonra bu yollar bağlanıb. Həm də Rusiyadan keçən yüklərə Qərb şirkətləri tərəfindən sığorta zəmanəti verilmədiyi üçün bu ölkə üzərindən malların çatdırılması mümkünsüz olub. Hazırda Rusiya ancaq öz ehtiyaclarını ödəmək üçün bu kanallardan istifadə edə bilir. Bütün bu loqistik yolların, zəncirlərin qırılması təbii ki, bahalaşmaya səbəb olur”.
İqtisadçı ekspert bahalaşmanın digər mühüm səbəbinə də diqqət çəkib:
“Bu enerji daşıyıcılarının qiyməti ilə bağlı məsələdir. Çünki, onlayn sifarişlərin icrası üçün əsasən yük təyyarələrinin imkanlarından istifadə olunur. Hava nəqliyyatı yükləri həm tez çatdırır, həm də daha təhlükəsizdir. Hava nəqliyyatı ilə də yükdaşımalarının qiyməti artıb. Çünki, aviokerasinin qiyməti xeyli bahalaşıb.
Bütün bunların nəticəsində də beynəlxalq yükdaşımaların qiymətində artım müşahidə olunur. Bu Azərbaycana da təsirsiz ötüşmür. Azərbaycanda da faktiki olaraq bütün dünyada olduğu kimi qiymət artımını müşahidə edə bilərik”.
Surxay Atakişiyev, Bizim.Media