Azərbaycanda daşınmaz əmlaka yatırım etmək üçün İDEAL ZAMAN YETİŞDİ

Hazırda oxunan: Azərbaycanda daşınmaz əmlaka yatırım etmək üçün İDEAL ZAMAN YETİŞDİ

134293

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Komitəsi uçot dərəcəsini 25 faiz bəndi artıraraq 5-5,25%-ə qaldırıb. Bu, 2006-cı ildən bu yana ən yüksək göstəricidir. Bununla eyni vaxtda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti də uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib.

“Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib”, – deyə AMB bəyan edib.

Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. 

Uçot dərəcələrinin artırılması isə artıq bütün dünyada tendensiya halını alıb. Dünya iqtisadiyyatındakı təlatümlər fonunda Mərkəzi Banklar inflyasiya ilə mübarizə üçün məhz bu yola baş vururlar.

Təbii ki, sərt monetar siyasət inflyasiyanı cilovlamaq və iqtisadiyyatın kiçilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Sərt monetar siyasətdən isə ən çox əziyyət çəkən yerli banklar olur. Ona görə də əhali hər ay artan uçot dərəcəsinə rəğmən azalan depozit faizlərinə görə banklara əmanət yatırmağı məqsədə uyğun hesab etmir. 
Digər tərəfdən, inflyasiyanın cilovlanması üçün faiz dərəcələrinin artırılması kredit faizlərinə də təsirsiz ötüşmür. Bu da, istehsalın nisbətən yavaşlamasına səbəb olan faktordur. 

Belə olan halda artan uçot dərəcələri fonunda, investisiyalar üçün ən ideal istiqamət kimi daşınmaz əmlak sektoru ön plana çıxır. Və əhali daha çox daşınmaz əmlaka üz tutur. 

Təsadüfi deyil ki, bu ilin arxada qalan 4 ayında daşınmaz əmlak bazarında qiymətlər xeyli bahalaşıb. Bu da onu göstərir ki, əhali daşınmaz əmlak almaqla pullarını infilyasiyadan daha yaxşı qorumaq yolunu tutur.

Dəyərini uzun müddət qoruması səbəbindən daşınmaz əmlaka yatırımların daha təhlükəsiz olduğu da iqtisadçılar tərəfindən tez-tez vurğulanır.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya bildirib ki, FED-in uçot dərəcəsini artırmasının səbəbi ölkədəki inflyasiyanın lazımı səviyyəyə endirilə bilməməsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdə kirayə mənzillər 2-3 dəfə BAHALAŞDI 


“Qurum sərt monetar siyasətlə inflyasiyanı cilovlamaq istəyir. Bu da iqtisadiyyatın daraldılması hesabına baş verir. İqtisadiyyatda pul kütləsinin azaldılması tələbi azaldır. Tələbin azalması infilyasiyanı azaldır. Bu qayda bütün ölkələrin Mərkəzi Banklarının daha çox istifadə etdiyi bir üsuldur. 

Təbii ki, inflyasiyanın yüksək olduğu məqamda daşınmaz əmlak ən yaxşı və effektiv yatırımdır. 
Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də bu yanaşma müşahidə olunur. Çünki, bankların təklif etdiyi depozit faizi bu gün inflyasiyadan aşığıdır. Bu da təbii şəkildə insanları öz pullarını banklara deyil, daşınmaz əmlaka yatırmağa sövq edir”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin