Qəbələdə ağır yol nəqliyyat hadisəsində biri polis olmaqla iki nəfər vəfat edib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya məlumat verilib.
Məlumata görə qəza Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verib. Belə ki, “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 31 yaşlı İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib.
Digər sərnişin Elşad Əzizli isə rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin yüksək sürət nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.