Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçdığı iddia olunur. Söhbət rayonun M.Həsənov adına Köçərli kənd tam orta məktəbinin IX və X sinif şagirdlərindən gedir.
M.Həsənov adına Köçərli kənd tam orta məktəbinin direktoru Elnur Ələkbərov məsələ ilə bağlı Bizim.Media-ya danışıb.
Olayı qismən təsdiq edən direktorun sözlərinə görə, hər iki şagird iki gündür ki, dərsə gəlmir:
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə evlənmək istəyən şagirdlər qoşulub qaçdı - ÖZƏL
“Qoşulub qaçıb deyəndə ki, belə bir informasiya yayılıb. Amma hər ikisi hazırda öz evindədir. Mən mütəmadi, dünən və bu gün ailələri ilə əlaqə saxlamışam. Oğlan da, qız da öz evindədir. Valideynlərin hər ikisi həkimə getmişdilər. Orada da bir qədər hay-küy salıblar ki, uşaqlar qaçıb. Mən ayın 1-i gedib hər ikisini öz evində gördüm. Şagirdlərin hər iksi ilə məktəbin psixoloqu da ayrı-ayrılıqda söhbət edib. Hər hansı münasibət və ya qeyri-rəsmi nikah baş verməyib”.
Direktor şagirdlərin iki gündür dərsdən qaldıqlarını da dilə gətirib:
“Normalda dərsə davamlı gələn uşaqlardır. Son iki gündür ki, yəni bu informasiya ortaya çıxandan dərsə gəlmirlər. Çox güman ki, psixoloji gərginlik səbəbindədir. Vəziyyət yoluna qoyulandan sonra uşaqlar dərslərinə davam edəcəklər”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni nəzarətə götürüb. Qurumdan saytımıza bildirilib ki, hadisə ilə bağlı Daxili işlər Nazirliyinin regional şöbəsi, eləcə də Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə araşdırma aparılır.
Onu da əlavə edək ki, hər iki məktəbli yetkinlik yaşına çatmadığı üçün məsələ cəmiyyətin müzakirə predmetinə çevrilib.
Alçina Amilqızı, Bizim.Media