"Heydər Əliyev İli"nə həsr olunan “İƏT Beynəlxalq Debat Çempionat”ı BAŞLAYIR 

Hazırda oxunan: "Heydər Əliyev İli"nə həsr olunan “İƏT Beynəlxalq Debat Çempionat”ı BAŞLAYIR 

134139

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi) təşəbbüsü və həmtəşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Avrasiya ölkələrində “İƏT Beynəlxalq Debat Çempionat”ları öz işinə başlayır.  

Bizim.Media xəbər verir ki, builki debat çempionatlarının milli mərhələlərinin Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilməsi planlaşdırılır.

Adı çəkilən ölkələrdə İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi (Azərbaycan), Özbəkistanın Gənclər İttifaqı, Qazaxıstanın aparıcı “Amanat” partiyasının gənclər qanadı “Jastar Ruhy” (Gənclər Ruhu), o cümlədən, Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Nazirliyi və Qırğızıstan Birləşmiş Gənclər Təşkilatının təşkilatçılığı ilə bu il keçiriləcək debat çempionatlarının Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunması qərara alınıb.  

Debat proqramının əsas məqsədi sözügedən ölkələrdə gənclərin natiqlik, kommunikasiya və liderlik bacarıqlarının artırılmasına töhfə vermək, eləcə də Heydər Əliyev şəxsiyyətinin daha geniş auditoriyada tanınmasına nail olmaqdır.  

Qeyd etmək lazımdır ki, keçən il ərzində Avrasiyanın müxtəlif ölkələrində yüzlərlə tələbə və ekspertin iştirakı ilə keçirilən debat çempionatlarında Qarabağın bərpasında yerli yatırımların rolu, ətraf mühitin qorunması, informasiya texnologiyaları, yeni dünyada qlobal çağırışlar, beynəlxalq və regional təhlükəsizlik, süni intellekt və başqa aktual xarakter kəsb edən mövzular üzrə müzakirələr baş tutub. 

Sözügedən çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş komandalar və gənclər pul vəsaiti ilə mükafatlandırılıb, qaliblərə medallar və xüsusi hədiyyələr təqdim olunub.  

Debat çempionatlarının əsas məqsədi Avrasiya məkanında yaşayan gənclərdə debat mədəniyyəti və bacarıqlarının inkişaf etdirilməsi, onların liderlik və təmsilçilik qabiliyyətlərinin artırılması, eləcə də gənclərin ictimai-siyasi sahədə fəaliyyətinə töhfə verməkdir. 

İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi bu layihənin Avrasiya üzrə daha geniş məkanda keçirilməsini planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin