GÜNÜN SUALI: İdman məşqçiləri niyə psixoloji testdən keçirilmir?

Hazırda oxunan: GÜNÜN SUALI: İdman məşqçiləri niyə psixoloji testdən keçirilmir?

134087

Aprelin 29-da Sumqayıt şəhərindəki 19 saylı məktəbin idman zalında məşq zamanı aldığı xəsarətlər nəticəsində 7 yaşlı Fərid Bakarovun həyatını itirməsi hər kəsi sarsıtdı. Fəridin ölümünə səbəb olan Mehman Xəlilov hər kəsin nifrətinə və qınağına tuş gəldi. 

Bu ağrılı hadisə həm də diqqətdən kənar qalmış bəzi məsələləri gündəmə gətirdi. 

Qeyd edək ki, uşaq və yeniyetmlərin fiziki  və idman hazırlığı artıq çoxdan kommersiya maraqlarına çevrilib. İstənilən şəxs məktəblərin və yaxud idman obyektlərinin bir guşəsini icarəyə götürüb pulunu qazanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü anın GÖRÜNTÜLƏRİ - VİDEO 


Ən pisi də odur ki, idman müəllimlərinin çoxunun təhsili yoxdur. Təsadüfi deyil ki, Elm və Təhsil Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda Mehman Xəlilovun təhsilsiz olduğu qeyd edilir.

Onun müəllim-məşqçi kimi fəaliyyət göstərməsinə bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olması əsas gətirilir.  

Bu açıqlama özü də sübut edir ki, bu sahədə özfəaliyyət hökm sürür. İstənilən şəxs müəllim-məşqçi kimi çıxış edə bilər. Təki pul qazanmaq imkanı olsun. Halbuki, məşqçi həm də müəllimdir. Müəllimsə yüksək psixoloji hazırlığıa malik olmalıdır. 

Məsələ ilə bağlı fikir bildirən  Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyir ki, bütün fiziki idman məşqçiləri baş vermiş qandonduran, amansız qətldən nəticə çıxarmalıdır:

“Fiziki idman təlim-məşqləri keçən müəllimlər fəaliyyətinə başlamazdan öncə tibbi-psixoloji testlərdən keçməlidir. Bu mütləqdir. Videoya baxarkən uşağın halsız olduğu, səhhətinin normal olmadığı açıq-aşkar görünür. Bu durumda ona fiziki şiddət göstərərək məşqə davam etməyə məcbur etmək məşqçinin psixi sağlam olmadığının açıq-aşkar göstəricisidir. Bu tip insanların məşq keçməsi yolverilməzdir. 

Ona görə də məşqçilik edən bütün şəxslər tibbi-psixoloji testdən keçməlidir. Yalnız belə olan təqdirdə bu cürə faciələrdən qaça bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin