Sumqayıtda 7 yaşlı Fərid Bakarovun məşq zamanı ölümü ilə bağlı yayılan video görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Şübhəli kimi saxlanılan ikinci Avropa oyunlarının mükafatçısı samboçu Mehman Xəlilovun məşq prosesində azyaşlıya qarşı zorakı və qeyri-adekvat hərəkətləri ciddi müzakirələr doğurub. Iddialara görə məşqçi narkotik qəbulunun təsiri altında olduğu üçün bu şəkildə anormal hərəkətlər edir.
Məlumatlara görə məşqçi qohumları olduğu üçün azyaşlının ailəsi ölüm faktına görə şikayətçi deyil. Bu məsələ ilə yanaşı son görüntülər cəmiyyətdə hiddət doğurub və ictimaiyyət azyaşlının işgəncə ilə ölümünə səbəb olan məşqçinin ən ağır cəza ilə ilə cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilovla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə hələ ki Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Bəs, qeyd olunan maddə ilə ittiham olunan şəxsə məhkəmə hökmü ilə nə qədər həbs verilə bilər?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında təqsirkar şəxsin mütləq azadlıqdan məhrumedilmə ilə cəzalanacağını bildirib:
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü anın GÖRÜNTÜLƏRİ - VİDEO
“Qanun 5 il şərti cəzaya icazə verir. Amma nadir ehtimaldır ki, ona şərti cəza tətbiq edilsin. Yəqin ki, təqsirkara ən aşağısı 9 il həbs veriləcək. Zərərçəkmişin şikayətçi olub-olmamasından asılı olmayaraq cinayət işi başlanmalı, istintaq bitməli və iş məhkəməyə göndərilməlidir.
Sadəcə şikayətçi olmamaq yüngülləşdirici hal kimi qəbul oluna bilər. İstənilən halda məşqçi məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə ki, hər şey məhkəmənin səlahiyyətindədir və hansı qərarı qəbul edəcəyini indidən söyləmək çətindir”.
Vəkilin sözlərinə görə peşəkar məşqçi bilməli idi ki, hansı fəndlər ağır nəticələrə səbəb olur:
“Hər halda məhkəmə o videolara baxıb, qiymət verəcək. Əlbəttə ki, məşqçinin uşağa əzab verməsi, bu hərəkəti dayandırmaması və digər uşaqlara da zorakı addımlarını davam etdirməsi onun cəzasının miqyasına təsir edəcək.
Videodan da görünür ki, şəxs öz hərəkətlərini nizamlaya bilmir. Sanki nəyinsə təsiri altındadır. Çünki ağlı başında olan şəxsin hərəkətləri deyil. Ona görə də çoxlarında belə bir fikir yaranıb ki, o, narkotik qəbulunun təsiri altında olub. Yaxud onun xarakterində və ya psixalogiyasındakı problemlərdən xəbər verir”.
Əsabəli Mustafayev məşqlərin aparıldığı müəssisə rəhbərliyi barədə də araşdırma aparılmasını və hüquqi qiymət verilməsini vacib sayır:
“Məsələ burasındadır ki, əgər orada kameralar quraşdırılıbsa, demək bu, təhlükəsizlik məqsədlə həyata keçirilib. Mən inanmıram ki, məşqçi tərəfindən bu, ilk davranış olsun. Yəqin əvvəllər də belə hallar olub. Əgər kameralar quraşdırlıbsa, izlənməli və qiymət verilməli idi”.
Xatırladaq ki, hadisə H.Z. Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Alçina Amilqızı, Bizim.Media