Məlum olduğu kimi Dənizkənarı Parkın köhnə bulvar hissəsində insanların kütləviliyini nəzərə alaraq velosipedlərin və skuterlərin hərəkətinə qadağa qoyulub. Bu qadağa həmin ərazidə olan şəxslərin, xüsusilə də uşaqların və yaşlıların sağlamlığı üçün tətbiq olunub. Ərazidə bununla bağlı xüsusi işarə və nişanlar da yerləşdirilib. Amma sıravi vətəndaşlar bu qadağaya məhəl qoymur.
Bulvara istirahət etmək üçün gedən şəxslər sürətli skuter və velosiped sürənlərin əlindən təngə gəliblər.
Bununla bağlı Bizim.Media-ya şikayətlənən Bakı sakini Teymur İsrafilov hər an həyat və sağlamlıqları üçün təhlükə riskinin olduğunu bildirib.
Onun sözlərinə görə az qala hər gün sayı çoxalan skuter və velosipedlərin əlindən Bulvarda rahat gəzmək mümkünsüzləşib:
“Bulvarda sürətli skuter və velosiped sürənlərin əlindən zara gəlmişik. Mənim kimi şikayət edənlər çoxdur. Dəfələrlə şahidi oluruq, sıxlıq ortamlarda parkın bu başından o başına sürətlə skuter sürənlər insanların arasından şütüyüb keçir, qəza şəraiti yaradırlar. Parkda ailəsi ilə gəzən kifayət sayda vətəndaşlar, körpələr və yaşlı insanlar var.
Mən uşağın əlindən tutub Bulvarda sərbəst gəzə bilmirəm. Ötən dəfə skuterlərdən biri yoldaşımın ayağının üstündən keçmişdi. Çox şükür ki, yüngül xəsarətlə problem həll olundu. Bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Bütün ölkələrdə skuterləri sürmək üçün xüsusi zolaqlar yaradılıb. Heç olmasa sürət limiti qoyulsun, yaxud da bu məsələ bir şəkildə tənzimlənsin”.
Şikayətçinin dediyinə görə dəfələrlə Bulvar İdarəsinin mühafizə xidmətinə narazılıqlarını bildirsələr də, qurum əməkdaşları tərəfindən heç bir tədbir görülmür:
“Anlamadığım bir şey var. Ərazidə skuter və velosiped sürülməsi qadağan olunsa, bununla bağlı lövhələr qoyulsa da məhdudiyyətlərə əməl edən yoxdur. Metro və keçidlərdən Bulvara çıxış yerlərində skuter və velosiped dayanacaqları var. İnsanlar həmin dayanacaqlardan skuter və ya velosiped kirayələyib Bulvara daxil olur. Bulvar İdarəsinin mühafizə xidməti nə skuter sürənlərin hərəkıti yasaqlayır, nə həmin işarə və nişanlara əməl olunmasına nəzarət edir, nə də skuteri sürənlərə cəza tətbiq olunur. Belə çıxır ki, bədbəxt hadisə baş verəndən sonra məsələyə baxılacaq?”, - deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən sorğumuza cavab olaraq heç bir açıqlama verilməyib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 02.05.2023
Bulvarda sürətlə şütüyən skuterlər insanları TƏNGƏ GƏTİRİB – Qadağaya niyə ƏMƏL EDİLMİR?
Hazırda oxunan: Bulvarda sürətlə şütüyən skuterlər insanları TƏNGƏ GƏTİRİB – Qadağaya niyə ƏMƏL EDİLMİR?
Hazırda oxunan: Bulvarda sürətlə şütüyən skuterlər insanları TƏNGƏ GƏTİRİB – Qadağaya niyə ƏMƏL EDİLMİR?
133768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.