Azərbaycanda malyariya qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda malyariya qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

133323

Malyariya xəstəliyi dünyanın bir çox ölkələrində hələ də can almaqda davam edir.

Ötən gün qeyd olunan Ümumdünya Malyariya Günü ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu ilin xəstəliklə bağlı mövzusu “Sıfır malyariya: sərmayə qoy, inkişaf etdir, tətbiq et” kimi elan edilib.

Bu xəstəlik hansı ölkələrdə geniş yayılıb və hansı hallarda təhlükə yaradır?

Qeyd edək ki, yoluxmuş dişi anofel ağcaqanadlarının dişləməsi ilə insanlara keçən parazitlərin yaratdığı qızdırmalı bir xəstəlik olaraq təyin olunan malyariya qarşısı alına bilən və müalicə olunan xəstəlikdir. Malyariya aşağı və orta gəlirli ölkələrdə, xüsusən də Saxaradan cənubda olan Afrikada ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir. Malyariya simptomları qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı və yorğunluqla müşahidə olunur. Xəstəlik zamanı bulantı, qusma və ishal baş verə bilər.

Malyariyanın inkişafı parazitin növündən asılı olaraq müxtəlif fasilələrlə şiddətli üşütmə ilə yüksələn hərarətlə başlayır, tərləmə ilə bitir.

Diaqnoz və müalicənin gecikdiyi hallarda anemiya və sarılıq inkişaf edə bilər. Xəstəliyə səbəb olan bəzi parazit növlərində, müalicəyə yoluxmadan keçən 24 saat ərzində başlanılmazsa, ölümlə nəticələnə bilər.

Məlumatlara görə, 2021-ci ildə dünyada təqribən 247 milyon malyariyaya yoluxma qeydə alınıb və 619 min insan bu infeksiyaya görə dünyasını dəyişib.

Bütün malyariya hallarının və əlaqəli ölümlərin 95 faizinin Afrika bölgəsində baş verdiyi təxmin edilir.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliklə bağlı körpələr və 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar və HİV/AİDS xəstələri xəstəlik riski altındadır. Nazirlik Burkina Faso, Kamerun, Qana və Konqo Demokratik Respublikası kimi malyariya xəstəliyinin geniş yayıldığı Afrika ölkələrinə iş və ya səyahət məqsədi ilə gedənlərin, profilaktik müalicə görməyənlərin də xəstəlik riski altında olduğunu açıqlayıb.

Səhiyyə Nazirliyi bildirib ki, ölkədə xəstəliyə yoluxma sıfır vəziyyətinə gətirilsə də, iqlim dəyişikliyi, vektorların yaşayış yerlərindəki dəyişikliklər, böyük əhali hərəkətləri, qeyri-qanuni miqrantlar və malyariyanın endemik olduğu ölkələrə gedib-gələn səyahətçilərin sayının artması səbəbindən Türkiyədə xaricdən malyariya hadisələri görülə bilər. Bundan əlavə, malyariya olan ölkələr və bu ölkələrə səyahət etməzdən əvvəl insanların nə etməli olduqları ilə bağlı məlumat verən “qaynar xətt” fəaliyyət göstərir.

Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir? 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, 2013-cü ildən bəri ölkədə malyariya xəstəliyinə yoluxma halı qeydə alınmayıb. 

Amma hər halda, son illər Azərbaycana da müxtəlif ölkələrdən gələn turistlərin sayında artım var. Ona görə də, əhalinin xəstəliyin əlamətlərini bilməsi və ona qarşı tədbirli olmasında fayda var.  

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin