"İnşallah yaxınlarda general olarsan deyəndə deyərdi ki..."- Qənirə Paşayeva

Hazırda oxunan: "İnşallah yaxınlarda general olarsan deyəndə deyərdi ki..."- Qənirə Paşayeva

133268
Təbriklər dəyərli qardaşım, cənab General Mais Barxudarov! Təşəkkürlər Lələ Təpəyə adını yazan igid oğullar!

Onun haqqında bir az gec yazdım. Çünki haqqında tərifli sözlər söyləniləndə nə qədər utandığının dəfələrlə şahidi olmuşdum. Telefonla təbrik edəndə də yenə təvazökarlıqla mən borcumu yerinə yetirirəm dedi. Onu neçə illərdi tanıyıram. Mən ona hər zaman qardaş o da mənə bacı deyə müraciət edərdik. Doğma qardaş-bacı qədər biri-birimizə sevgimiz oldu hər zaman. Çünki ruhən çox doğmayıq bir-birimizə. Onun içindəki böyük Vətən və Millət sevgisi sadəcə sözdə deyildi hər zaman əməldə idi. Tovuzda illərlə ön cəbhədə xidmət etdi. Cənab Komandir əsgərlərlə yanaşı bütün tovuzluların da sevimlisinə çevrilmişdi qısa zamanda. Hər bayramı əsgərlərlə birlikdə qeyd edərdik, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində layihərlər həyata keçirərdik, söhbətlər edərdik. "Baxın əsgərlər, kəşfiyyatçılar necə gözəl tədbir hazırlayıblar" deyərək əsgərlərinin göstərdiyi ustalıqları sevinclə izləyərdi bizimlə bərabər. Onun ağrılı yeridir işğal altında olan torpaqlarımız. Çox tez-tez danışar, müzakirə edərdik bu mövzuda. Hər zaman da yana-yana mütləq azad etməliyik torpaqlarımızı, hamımız Ali Baş Komandanın əmrinə hazırıq deyərdi. Canımızı verək amma Vətənimizi işğaldan azad edək deyərdi. Ata-baba yurdunun Ermənistanın işğalı altında olması onun ən böyük acısı, kədəri idi və mütləq torpaqlarımızın işğaldan azad edilməsində ön sıralarda olmaq istəyirdi. Sonra Tovuzdan ayrıldı. Daha yüksək vəzifədə ön cəbhəmizin başqa bölgələrini qorumaq üçün göndərildi. Yenə tez-tez danışırdıq. Təkcə bir amalla yaşayırdı. Torpaqlarımızı işğaldan azad etmək. Aprelin əvvəlində ön cəbhəmizdə baş verən hadisələr, Lələ Təpənin işğaldan azad olunmasından sonra danışmışdıq telefonla. Vətən torpağının bir hissəsini işğaldan azad etdikləri üçün sevincli, canını Vətən üçün verən silahdaşları ilə qürurlu, eyni zamanda şəhid olan dostları, əsgərləri üçün hüznlüydü. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın hamısının işğaldan azad edə bilmək üçün Allah millətimizə, ordumuza yardımçı olsun duası ilə bitirdik söhbəti. Həssas, məsuliyyətli, səmimi, sadə, təmkinli qardaşım inşallah general da olacaqsan deyəndə torpaqlarımızı işğaldan azad edən zaman generel olmaq istədiyini deyərdi. İnanıram ki, az qaldı atasının işğal altında olan evinə qalib general kimi gedə biləcək. 
Onun general olacağına inanırdım. Və hər dəfə də inşallah yaxınlarda general olarsan deyəndə deyərdi ki, mən daha çox torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəyirəm. Arzu edəndə bunu dilə mənə deyərdi. O arzusunun bir hissəsinə çatdı. Ön cəbhədəki Korpus Komandiri olmaqla bərabər öndə gedən bir hərbiçi olaraq yollandı Lələ Təpəni işğaldan azad etməyə. Lələ Təpə başda Ali Baş Komandan olmaqla onun və onun kimi qəhrəman oğulların sayəsində azad edildi. Və Ali Baş Komandan onu, dəyərli qardaşım Mais Barxudarovu General-mayor hərbi rütbəsi ilə təltif etdi. Torpaqlarımızın işğaldan azad edilməsindəki xidmətlərindən dolayı dəyərli qardaşımın təltif edilməsindən çox sevindim. Ona hər zaman qürurla qardaş deyərdim və onu bir bacı kimi ilk öncə təbrik etmək istədim. Mənə torpaqlarımızın azad edilməsində iştirak etməyi dilə deyərdi. Mən də inşallah sizin dədə yurdunuzda, Qubadlıda yaxşı bir samovar çayı içəcəyik. Mütləq olacaq və o gün uzaqda deyil inanıram deyərdim. Biz ikimiz də buna inanardıq və inanırıq. Əziz qardaşıma Şuşaya bayraq sancmağı diləyirəm. Özün kimi vətənpərvər böyütdüyün övladların, dəyərli xanımınla birlikdə öz ata yurduna Qubadlıya və bütün o gözəl yurdlarımıza dönə bilməni sizə, hamımıza, bütün xalqımıza diləyirəm. Uğurların bol olsun əziz General və dəyərli qardaşım!

Qənirə Paşayeva, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin