“Vaxtilə 1 milyon ton istehsal edirdik...” – Ölkəmizdə üzümçülüyün tənəzzülünün SƏBƏBİ NƏDİR?

Hazırda oxunan: “Vaxtilə 1 milyon ton istehsal edirdik...” – Ölkəmizdə üzümçülüyün tənəzzülünün SƏBƏBİ NƏDİR?

133083

Vaxtilə Azərbaycanda üzümçülük geniş yayılsa da, hazırda istehsal etdiyimiz üzüm yerli təlabatı belə ödəmir.

Məsələn, Azərbaycanda ölkə üzrə süfrə üzümünə olan illik tələbat təqribən 180 min tondur. Bir neçə il əvvələ kimi təxminən 160 min ton civarında üzüm istehsal olunurdu.

Hazırda ölkədə  üzüm əsasən, Cəlilabad, Samux, Tovuz,  Şəmkir, Ağsu, İsmayıllı, Qəbələ və Şamaxıda yetişdirilir:

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitunun məlumatlarına görə, yetişdirilən üzümün 30 faizi (45 min ton) süfrə üzümü kimi təzə halda istifadə olunur. Qalan 70 faizi texniki üzümdür. Texniki üzüm şərab istehsalına, eyni zamanda digər məhsulların hazırlanması üçün emal müəssisələrinə yönləndirilir.
2020-ci ilin məlumatına əsasən Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 16.1 min hektar olub. Mövcud bağların 14.9 min hektarı və ya 92.5%-i bar verən yaşdadır.

Cəmi üzüm bağlarının 11.4%-i Şamaxı, 9.5%-i Naxçıvan Muxtar Respublikası, 8.7%-i Cəlilabad, 8.1%-i Bakı, 7.2%-i İsmayıllı, 7.0%-i Salyan, 6.4%-i Samux, 4.9%-i Tovuz, 4.6%-i Göygöl və 3.5%-i Şəmkir rayonunun payına düşüb.

Onu da qeyd edək ki, son illərdə üzüm istesalı nisbətən artıb. 2020-ci ildə üzüm istehsalı 2015-ci ilə nisbətən 32.4%, 2019-cu illə müqayisədə 3.1% artaraq 208.0 min ton olub.

2020-ci ildə Azərbaycandan ixrac olunan təzə üzümün 97.6%-i Rusiyanın payına düşüb. Azərbaycana üzüm idxalı əsasən Peru, CAR, İran və Çilidən həyata keçirilir.

FAO-nun məlumatına əsasən 2019-cu ildə dünya üzrə 77.1 milyon ton təzə üzüm istehsal olunub.

2019-cu ildə dünya üzrə istehsal olunan üzümün 70%-i Çin (18.5%), İtaliya (10.2%), ABŞ (8.1%), İspaniya (7.4%), Fransa (7.1%), Türkiyə (5.3%), Hindistan (3.9%), Çili (3.5%), Argentina (3.3%) və CAR-ın (2.6%) payına düşüb.

Azərbaycanın bu siyahılarda yer alma ehtimalı nə qədərdir? Yaxud da dadlı və daha keyfiyyətli üzüm yetişdirə biləcəyimiz halda, niyə Afrikadan üzüm gətirib yeyirik?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev Azərbaycanda üzümçülüyün inkişafının vacib olduğunu deyir:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“1978-ci ildə Moskvada Azərbaycanda üzümçülüyün inkişafı və ixtisaslaşması barədə mərkəzi hökumətin qərarı olmuşdu. Qərara əsasən, ölkə üzrə 3 milyon ton üzümün istehsalı nəzərdə tutulmuşdu.  Bizim 4 rayonumuz-Ağsu, Şamaxı, Cəlilabad və Füzuli rayonları üzrə isə 300 min ton üzüm istehsalı planlaşdırılmışdı ki, bu da Ermənistanın bir ildə istehsal etdiyi qədər idi.

Biz hələ 650-700 min ton üzüm istehsal edəndə bu göstərici Sovet İttifaqı büdcəsinin təxminən 35-40 faizə qədərini ödəyirdi. Azərbaycanın ərazisi üzümçülük üçün çox əlverişlidir. Hələ eradan əvvəl Strabon yazırdı ki, Albaniyanın üzümlüklərində o qədər bol məhsul var ki, onu yığıb-yığışdıra bilmirlər”. 

Ənvər Əliyev bildirib ki, yaxın tariximizdə üzümlüklərin sıradan çıxarmaqla biz, həm də Rusiya kimi olduqca təlabatlı və münasib bazarı itirdik: 

“İndi Rusiya bazarını İtaliya, Fransa, İspaniyanın işbazları götürdülər. Onu da deyim ki, Azərbaycanın üzümü İtaliya və Fransa kimi ölkələrin üzümündən, həm keyfiyyətinə, həm aromatik göstəricilərinə görə çox üstündür”. 

Ənvər Əliyev deyib ki, ən vacib məqamlardan biri də üzümün suya olan təlabatının azlığı ilə bağlıdır. Belə ki, üzümü ildə bir-iki dəfə suvarmağa ehtiyac olur:

“Dəmyədə əkilən məhsulun isə kəmiyyəti aşağı olsa da, keyfiyyəti daha yüksək olur. Üzümçülüyü inkişaf etdirmək üçün fermerlərin koopertivlərdə birləşib birlikdə fəaliyyət göstərməyi daha çox effekt verər. Amma pay torpaqları kimlərsə tərəfindən icarəyə götürülüb. Onlar da kəndliləri ucuz qiymətə çalışdırırlar. Üzümçülük yaxşı inkişaf etdirilsə, Azərbaycan bu sahədən milyardlarla gəlir götürə bilər. Tarixi təcrübəmiz də var.

Maliyyə yardımı olmalıdır, biznes planlar hazırlanmalıdır. Maliyyə Nazirliyi faizsiz maliyyə yardımı etməlidir. Faizi ən azı 5-7 ildən sonra qaytarmaq şərtilə. Çay vadilərində, qumluq sahələrdə müvafiq üzüm sortlarının şitillikləri salınmalıdır.
Bu sahədə təcrübəli əmək qabiliyyətli insanlarımız da var, üzümü nə cür yetişdiriəcəklərini bilirlər. Klassik xalq seleksiyası yolu ilə əldə edilən, yeni yaradılan çox yaxşı növlərimiz var. Bütün imkanlardan istifadə etməklə bu sahəni inkişaf etdirə və faydasını da cəmi bir neçə ildən sonra görə bilərik”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi – bəndinə uyğun olaraq hazırlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin