Bu gün Qaratorpaq kəndinin sosial qayğılarından bəhs edəcəyik. Söhbət Şəkinin ən ucqar yaşayış məntəqəsi olan Qaratorpaq kəndindən gedir. Bu kənd rayon mərkəzindən 95 km məsafədə yerləşir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri ilə keçirilən səyyar görüşdə rayon rəhbərliyi ilə yanaşı, idarə və müəssisə nümayəndələri də iştirak edib.
Görüşdə qeyd edilib ki, bu kənd əkinçilik və maldarlıq üzrə ixtisaslaşıb. Aqrar sektorun bu sahəsini inkişaf etdirmək üçün bütün imkanlar var. Kənd ucqarda yerləşməsinə baxmayaraq, bura yeni yol çəkilib, məktəb inşa olunub.
Lakin sakinlərin qayğıları da az deyil...
Belə ki, Qaratorpaqda mavi yanacaq yoxdur. Sakinlər başlıca qayğılarından biri olan bu sosial məsələnin öz həllini tapması üçün rayon rəhbərliyinə məlumat verib.
Digər tərəfdən, kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, tibb məntəqəsi üçün yeni bina tikilməsi məsələləri də diqqətə çatdırılıb.
Qaldırılan sosial məsələlər hər biri qeydiyyata alınaraq müəssisə və idarə rəhbərliyinin nəzərinə çatdırılıb.
Tədbirlərin görülməsi üçün rayon rəhbərliyi tərəfindən tapşırıq verilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu