Ağsuda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında toplantı keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Toplantıda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatları,“Səs” qəzetinin baş redaktoru, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər. Tədbirdə Dövlət himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Rayon məktəblilərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyası toplantı iştirakçılarının xüsusi marağına səbəb olub.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfər Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu:
“Bu gün Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanan dövlət bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir. Məhz bu strategiya ilə biz əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib”.
Bildirilib ki, bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur.
Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu