Uğur qazandığımız hər il “Heydər Əliyev ili”dir - Ümummilli lider Türk birliyinin yaranmasında da böyük rol oynayıb

Hazırda oxunan: Uğur qazandığımız hər il “Heydər Əliyev ili”dir - Ümummilli lider Türk birliyinin yaranmasında da böyük rol oynayıb

132830

“Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Orta Asiyanın və ümumilikdə Türk Birliyinin ən önəmli dövlətlərindən biri olan Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimindəki çıxışı zamanı deyib.

Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev isə cavabında Ulu öndərin Türk dünyasının birləşdirilməsi üçün çalışdığını xatırladıb:

“Heydər Əliyev Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, türk dünyası birləşir”. 



Əslində, Heydər Əliyevin adı uzun illərdən bəri bütün dünyada Azərbaycanın rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir və heç də dünyada hər bir millət belə tarixi şəxsiyyətilə öyünmək iqtidarında deyil və Prezident Tokayevin fikirləri bir daha təsdiqləyir ki, Ulu öndərin Azərbaycan üçün necə uca bir dəyər olduğunu Vətənimizdən kənarda da yaxşı anlayır, bilirlər. 

Bunlar Heydər Əliyevin təkcə Azərbaycanın deyil, Türk birliyinin tarixində, bugünündə və gələcəyində oynadığı və indiyə qədər mətbuatımız tərəfindən heç də lazımi səviyyədə qabardılmayan rolunun göstəricisidir. Ancaq tarix dahi şəxsiyyətlərə öz layiqli qiymətini verir və xidmətlərini dəyərləndirir.  



Bu gün görürük ki, Ulu öndərin Türk birliyinin siyasi, iqtisadi, mənəvi dayaqlarının yaradılması üçün əvəzsiz xidmətləri olub və bu, Türkiyə, Qazaxıstan və digər Türk dövlətlərinin rəhbərləri, dövlət və ictimai xadimləri səviyyəsində etiraf olunur və qiymətləndirilir. 

Deməli, Azərbaycanın özünün Qarabağ boyda ağrılı problemi ola-ola Heydər Əliyev Türk dövlətlərinin birliyinin formalaşmasının əsaslarının qoyulması üçün əvəzsiz addımlar atıb. Sözsüz ki, Türk dövlətlərinin bugünkü yaxınlaşma, möhkəmlənmə, birləşmə meyllərini əvvəlcədən görmüş, bunun baş verməsi üçün çalışmışdır. Bu, bir daha Ulu öndərin necə çoxşaxəli və çətin missiyanın daşıyıcısı olduğunu və bu işin öhdəsindən necə məharətlə gəldiyini göstərir. Bu, həmçinin onu da göstərir ki, artıq Heydər Əliyev irsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün istinad və ilham mənbəyinə çevrilir. 



Məlum olduğu kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib.  
Bu ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Ancaq şübhə yoxdur ki, təkcə bu il deyil, məmləkətimizin inkişaf etdiyi, uğur, qələbə qazandığı hər bir il Heydər Əliyev ilidir. Çünki bu uğurların, qələbələrin, inkişafın banisi və qurucusu məhz Ulu öndər olub. 



Vətənin ən ağır günlərində müdrik xalqımızın tələbi ilə Bakıya qayıdan Ümummilli Liderin böyük səyləri, fədakarlığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin edildi, erməni təcavüzü dayandırıldı, ölkəmiz qısa zaman ərzində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.  

Məhz onun ən çətin, ağır illərdə əsasını qoyduğu daxili və xarici siyasət və bu siyasətin cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsinin nəticəsidir ki, məmləkətimiz regionumuzun ən qüdrətli dövlətinə çevrilib, Ordumuz uzun illərdən bəri işğal altında qalan torpaqlarımızı azad edib, dövlətimiz beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib. 




Ulu öndər zamanında dəqiq bilirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ilk növbədə Azərbaycanın güclü iqtisadiyyatı və ordusu olmalıdır. Bu baxımdan, Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərlərə imza atdı və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi strategiyanın ən parlaq nəticəsi və böyük təntənəsi oldu. 

Şübhə yoxdur ki, qarşıda bizi yeni uğurlar, qələbələr gözləyir və bu qələbələrin hər birinin üzərində Ulu öndərimizin möhürü olacaq! 

Anar Qocayev 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səbail rayon İcra Şöbəsinin rəisi, ədliyyə müşaviri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin