Bu gün səhər saatlarında Gəncədə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verən yanğının təfərrüatları məlum olub.
Bizim.Media-nın Qərb bürosu xəbər verir ki, şahidlərin sözlərinə görə, yanğın birinci mərtəbədə naqil qovşaqları olan yerdə başlayıb.
Daha sonra isə tüstü yuxarı mərtəbələrə yayılıb.
Reanimasiya şöbəsindən verilən məlumata görə, tüstü boğucu olub. Tibb bacılarından biri 4 xəstənin içəridə qalması barədə dərhal məlumat verib. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub. Xəstələr digər tibb müəssisələrinə təxliyyə ediliblər.
Artıq yanğın söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Gəncə regional şəbəsinin və polis əməkdaşları araşdırma aparır. Gəncə İcra Hakimiyyətinin rəhbərləri hadisə yerinə gəlib, xəstələrin vəziyyəti ilə maraqlanıblar.
Hələlik yanğının baş vermə səbəbi kimi xəstəxananın birinci mərtəbəsində qısaqapanma olduğu bildirilir
Qeyd edək ki, bu gün 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verən yanğında tüstüdən boğularaq reanimasiya şöbəsinə yerləşdirilən 60 yaşlı qadın həyatını itirib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu