"Hər səhər sübh tezdən AŞPA-nın iclası başlamazdan öncə otelimizə yaxın stadionda bir neçə kilometr qaçmaq vərdişini təkrarlayıram. Yaxınlığımızda da litsey var və səhər-səhər burada təhsil alan şagirdlər müəllimlərinin müşayəti ilə kütləvi şəkildə idmana gəlirlər və burada müxtəlif qaçış normativləri verirlər. Bunları ürək ağrısı ilə seyr edirsən və düşünürsən ki, nədən bu cür gözəl ot örtüyü olan bir məktəb stadionumuz yox, fiziki sağlamlığa aid dərsləri keçirmək üçün yetərincə şərait və həvəs yox.xa0
Nədən imkansız uşaqlar ödənişli üzgüçülük hovuzları görəndə kənardan həsədlə baxıb köks ötürürlər? Xatırlayıram, bəzilərinin təriflədiyi Sovet dövründə də biz normal stadionda oynamaqdan məhrum idik. Oxuduğum məktəblərin həyətində stadionda bir dəfə yıxıldın, az qala şikəst olurdun, məhəllədən uzaqda torpağın, asfaltın üzərində top qovurduq. Basketbol oynamaq üçün rus məktəbinin zalına qonşumuz gözətçi olduğuna görə gecələr gedə bilirdik. Çox zaman top da tapmaq müşkül idi. Haradasa turnik görəndə sevinirdik.
xa0Uşaq vaxtı Leninqrada digər məktəblərdən olan uşaqlarla gəzməyə getmişdim. Bir məktəbin zalında qalırdıq, həmin məktəbin həyətinə çıxanda ot örtüklü stadion, turniklər, üzgüçülük hovuzu, qaçış zolaqları görəndə heyrətimi gizləyə bilməmişdim. Hər dəfə Bakıda Atatürk litseyinin həyətindəki kiçik bir sahədə asfalt örtüyünün üzərində məcburən məktəbli formasında top qovan uşaqları görəndə düşünürdüm ki, fiziki cəhətdən sağlam uşaqlar yetişdirmək imkanımız yaxın perspektivdə də görünmür. Axı təhsil ancaq beli əyilmiş vəziyyətdə 5-6 saat parta arxasında oturmaq deyil, bu uşaqlar qaçmalıdırlar, hərəkət etməlidirlər, uşaq vaxtından idmanın müxtəlif növləri ilə tanış olmalıdırlar. Bəlkə içlərindən çox faydalı idmançılar yetişəcək. Heç yetişməsə də oğlumuz, qızımız fiziki cəhətdən daha sağlam böyüyəcək. Övladlarımız daha sağlam əsgər olacaqlar. Bu zavallı uşaqların yaşadıqları evlərin ətrafında da bir boş yer saxlamayıblar ki, rahat velosiped sürə bilsinlər, top qova bilsinlər. Ötən gün Karvan Şadlıq evinin qarşısından keçib Nəqliyyat nazirliyinə yaxınlaşarkən gördüyüm mənzərədən həqiqətən sarsıldım.xa0
Pırıl-pırıl uşaqlar iki yolun arasındakı körpünün altında balaca bir yerdə futbol oynayırdılar. Birdən top yola yuvarlansa, həm topun dalınca gedən uşağın həyati risqi var, həm sürücüyə problem yarana bilər. Bu uşaqların həyətindəki sahələri zəbt edib pəncərəsindən biri digərini görə biləcək binalar salan şəxslər bu mənzərəni görəndə hansısa vicdan acısı hiss edirlərmi? Orta təhsil müəssisələri bir tərəfə, heç texnikom və ali məktəblərdə də fiziki sağlamlığın qorunmasına ciddi diqqət ayırılmır, fiziki hazırlıqla bağlı dərs saatları da bildiyim qədər aradan qaldırılıb. Təsəvvür edərsiniz, Sulutəpədə yaşayan uşaq bir futbol meydançası görəndə içində hansı hissləri keçirə bilər.
İndi fransız uşaqlarının sağlam böyüməyinin səbəblərinii ancaq bu adamların gələcək barədə sağlam düşünmələri ilə izah etmək olar. Biz isə sovet dövründə öz övladlarımızın sağlamlığı barədə rus qədər düşünə bilmədiyimiz kimi, müstəqillik dövründə də fransız qədər düşünə bilmirik."
Fazil Mustafa, millət vəkili



































































































