Fazil Mustafaya sui-qəsd cəhdində “düymə”ni kim basıb? - ŞOK DETAL 

Hazırda oxunan: Fazil Mustafaya sui-qəsd cəhdində “düymə”ni kim basıb? - ŞOK DETAL 

132755

Sui-qəsd cəhdi nəticəsində çiyin və ayaq nahiyəsindən xəsarət alan millət vəkili Fazil Mustafa hadisənin bəzi detalları barədə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, millət vəkili “Sherg.az”ın suallarını cavablandırıb.

-Fazil bəy, indi özünüzü necə hiss edirsiniz, müalicəniz davam edirmi? 

-Müalicəm evdə davam edir. Artıq tikişlərim sökülüb.  Bir neçə günə ayağımın reabilitasiyasına başlanacaq. Qolumun reabilitasiyasına isə 2-3 həftədən sonra başlanılacaq. Yəni həkimlərin müəyyən etdiyi istiqamət üzrə prosedur davam edir. 

-Aktiv fəaliyyətə nə vaxt başlaya bilərsiniz, həkimlər nə deyirlər? 

-Yəqin ki, yaxın bir aya aktiv fəaliyyətə başlaya biləcəm”. 

-Dostlarınız, yaxınlarınız ziyarətinizə gəlirmi? 

-Çox adam məni ziyarətə gəlir. Sağ olsunlur ya telefonla əhvalımı soruşurlar, ya da yanıma gəlirlər. Hətta bir çox hallarda əziyyət çəkməmələri üçün gəlməmələrini xahiş edirəm. Amma onlar gəlir və vəziyətimi gördükdən sonra rahatlayaraq, təskinlik tapırlar. 

- Sui-qəsd cəhdi psixoloji cəhətdən sizə necə təsir göstərib, hansısa qorxu və təşviş hissi varmı? 

-Hadisə baş verəndə də hansısa qorxu hissi yaşamadım. Çünki bu, bizim ümumi taleyimizdir və dəfələrlə belə ölüm riski ilə üz-üzə qalmışıq. Bu da onlardan biri idi. Belə atəşin altında sadəcə yaralanaraq çıxmaq isə inanılmaz bir haldır. Ancaq geriyə dönəndə həyatımızın müxtəlif epizodlarında belə ölüm riski həmişə olub. Ona görə də bu hadisə məndə hansısa psixoloji sarsıntı yaratmayıb. Əksinə daha da qətiyyətlə yolumuza davam etmək niyyətindəyik. 

-Avtomobilinizin aqibəti necə oldu, dəyən ziyanı kim ödəyir? 

-Adi qəza olduqda dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir. Amma avtomobil belə bir hadisədən sığorta olunmayıb. Ona görə də məhkəmədə zərər yetirən şəxslərə qarşı iddia qaldırılacaq. Lakin maşının təmiri və başqa məsələlər öz boynumdadır. Müəyyən hüquqi prosedurları keçdikdən sonra, təmirə vermişəm ki, maşınsız qalmayım. Yəni sağalana qədər maşın da hazır olacağını güman edirəm. 

-Sizə qarşı olan sui-qəsd cəhdində “düymə” kim və hansı dairə tərəfindən basılıb? Kimlərin “əli” ola bilər? 

-İstintaq davam edir və məsələ hərtərəfli araşdırılır. Bir mənalı şəkildə bilinən istiqamət var. Bu da hüquq-mühafizə orqanları tərəfindən açıqlandı. Qonşu ölkədən istiqamətlənən bir məsələdir və iştirakçılar da birbaşa ora ilə bağlıdır. Yəni buna hansısa azərbaycanlının açdığı atəş kimi baxmaq olmaz və bütövlükdə düşmənlərimiz konteksində yanaşılmalıdır. Bu gün Ermənistan və İran kəşfiyyatına işləyən hər bir "azərbaycanlı" bizim üçün düşmən hesab edilir. Ona görə də bu təkcə mənə qarşı yox, bütün Azərbaycanı sevənlərə qarşı yönələ bilər. Bu baxımdan dövlətimiz üçün təhlükəyə çevriləcək şəxsləri zərərsizləşdirməyə çalışmalıyıq. 

-Bir az da son siyasi gəlişmələrdən danışaq. Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasını necə dəyərləndirirsiniz? Artıq belə deyə, düşünə bilərikmi ki, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir? 

-Mənə elə gəlir ki, biz Azərbaycan cəmiyyəti olaraq, hansı tarixi günləri yaşadığımızın fərqində deyilik. Bu hadisələr bizə sadə gəlir. Lakin mərhələli şəkildə diqqət yetirsək, görərik ki, Azərbaycan prezidentinin izlədiyi trayektora nə qədər dəqiq cilalanmış və cəsərətli siyasətin gerçəkləşməsindən xəbər verir. Bəzən cəmiyyət gələcəyi bilmədiyi üçün, prosesi hazır külçə kimi görməyə alışır. Amma belə olmalı deyil. Bu proseslərin arxasında böyük həyəcan, zəhmət və diplomatik çalışmalar yatır. Burda Sərhəd Qoşunlarının, Xüsusi Xidmət və hüquq mühafizə orqanlarının çalışması sadə bir proses deyil. Bunlar mürəkkəb bir mexanizmin çevik çalışmasından xəbər verir.

Laçın yolunda postun qurulması Şuşanın işğaldan azad edilməsi qədər böyük bir hadisədir. Artıq Azərbaycan post-müharibə dönəmindən bu yana sərhədlərində tam söz sahibi olduğunu praktiki şəkildə ortaya qoydu. Ona görə fədakarlıq edən insanların zəhmətini bəsitləşdirmək olmaz.  Buna böyük rakursdan baxmalıyıq. Digər tərəfdən məntəqənin qurulması ekofəllarımızın əməyinin nəticəsi kimi də dəyərləndirilməlidir.

Onlar zəmini hazırlamasa idi, biz çətinlik çəkərdik. Yəni burada hamının payı var. Payı olmayanlar isə "Xankəndində niyə bayrağımız dalğalanmır?" və "Rus sülhməramlılarını niyə çıxarmırıq?" deyə qışqırıq salanlardır. Yəni burada həm də söhbət kursu passiv də olsa, dəstəkləməkdən və Azərbaycan respublikasının Prezidentinə güvənməkdən gedir. Bizi tələsdirməyə çalışan "vətənpərvərlər" gördülər ki, prosesi səbirlə irəlilətmək lazımdır. 

-Partiyalar haqqında yeni qanun layihəsi bizə nə vəd edir? 

-Qanunvericilikdə dəyişiklik olub və 5 min üzvü olan partiyalar qeydiyyat üçün müraciət edə bilərlər. Bu limitin qoyulması isə çox önəmlidir. Çünki 5 min üzvü olmayan heç bir partiya özünü ciddi qəbul etdirə bilməz. Siyasi fəaliyyətlə məşğul olanların cəmiyyətdə bu qədər dəstəyinin olmaması mümkün deyil. Bu baxımdan da siyasi fəaliyyətlə məşğul olan şəxslər və subyektlər qanununun tələbinə əməl etməlidir. Kiçik bir qurum halında fəaliyyət göstərmək partiyanın elə də ciddi bir obrazda təqdim edilməsi üçün şərait yaratmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin