Milli Qvardiyanın keçmiş komandiri, Birinci Qarabağ savaşında bir çox döyüş bölgəsində ermənilərlə amansız döyüşlərdə komandir kimi igidliklər göstərdiyinə, xüsusən Füzuli istiqamətində işğalçılara divan tutduğuna görə o vaxt Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəblərdən (4 iyun hadisələri ərəfəsinə düşdüyündən yaddan çıxan...) haqq etdiyi bu adı ala bilməyən polkovnik Əzizağa Süleymanov Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin mətbuatdakı son açıqlamasına Moderator.az-da münasibət bildirib:
"23 il bundan öncə Erməni hərbi birləşmalərinə ordumuz tərəfindən və eləcə də Silahlı qüvvələrmizin tərkib hissəsi olan Milli Qvardiyaçılar tərəfindən ağır döyüş zərbələri endirilirdi.
Hələ 23 il bundan qabaq sübut eləmişdik ki, Azərbaycan dövləti ordu yaratmaq gücünə malikdir. Milli Qvardiya bölmələri Qubadlı, Laçın, Fizüli döyüş bölgələrində Ordu birləşmələrmizlə bərabər məkrli, arxalı düşmənə qarşı ağır döyüş əməliyyatlarında iştirak edir, onlara sarsıdıcı zərbələr vururdu. baxmayaraq ki, o vaxt silahlı qüvvələrimizin silah-sursat və maddi təminatı indiki ilə müqayisəyə gəlməz dərəcədə zəif idi. Milli Qvardiyada qısa müddət ərzində xüsusi təyinatllı dəstə də formalaşdırmışdıq, bu dəstə ermənilərin canına vahimə salmağı bacarmışdı.
Mən İsa Qəmbərin son açıqlamasını oxudum və ordu İla bağlı söylədiyi fikirləri də bəyəndim. İsa bəy təcrübəli dövlət xadimi olmaqla bərabər həm də siyasi aləmdə xüsusi çəkiyə malik siyasətçidir.
Əlbəttə, dövlət ordunun yanında olanda qələbə qaçılmazdır. Gəlin etiraf edək ki, minlərlə igid döyüşçülərimiz siyasi daxili çəkişmələrə qurban verildi. Biz onlara layiq olduqları qiyməti verə bilmədik. Qoy məndən inciməsinlər, bu gün bəzi mətbuat orqanlar silsilə yazılarla çıxış edir, televiziya kanalları ordumuzla bağlı təbliğat xarakterli verlışlər aparır. Yenə də bu verlişlərə elə adamlar dəvət edilir, o insanlar nə döyüşdə olub, nə də ki, müharibəni 100 km aralıdan belə görməyib. Həmin adamlar kimlərəsə yaranmaq üçün elə yanlış fikirlər ifadə edirlər ki, eşidəndə əsəb səni boğur. Necə yəni vətən yolunda şəhid olanın təzəsi köhnəsi olar? Bu nə ifadədir belə, insanları hardan tapırlar? Müharibə ilə bağlı hamımızın bir amalı, bir fikiri olmalıdır - Vətəni işğaldan azad edək".


































































































