Şəkinin altı aydır qapısı qıfıllı qalan TİBB MƏNTƏQƏSİ – “Şikayətlər nəticəsiz qalıb, deyirlər ki...”

Hazırda oxunan: Şəkinin altı aydır qapısı qıfıllı qalan TİBB MƏNTƏQƏSİ – “Şikayətlər nəticəsiz qalıb, deyirlər ki...”

132167

Şəkidən 35 km məsafədə yerləşən və 600 sakinin yaşadığı Aran kəndində altı aya yaxındır ki, tibb məntəqəsinin qapısına qıfıl vurulub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həmin vaxtdan etibarən sakinlər sağlamlıqlarını unudub, bir sözlə yollarda qalıb.  

İlin günün hansı dövründə yaşadığımızı düşünəndə bu mənzərə qarşısında “insanın qanı donur” desək yanılmarıq. Necə ola bilər ki, kənddə bir tibb bacısı belə yoxdur?! 

Sakinləri də elə bu qayğı narahat edir. Kənd sakini Elçin Cəlilovun sözlərinə görə məntəqə olmasına baxmayaraq tibb bacısı yoxdur ki, təcili bir xəstə olanda ona ilkin yardım göstərə...

Bu yaşayış məntəqəsinə ən yaxın Suçma kəndində tibb bacısı fəaliyyət göstərir ki, onu da hər dəfə dəvət etmək sakinlərə əlavə xərcə başa gəlir. Sakinlər onu da əlavə edir ki, Aran kənd tibb məntəqəsi Kiçik Dəhnə kəndindəki həkim məntəqəsinə tabedir. Oraya da ancaq taksi ilə getmək mümkündür. 

Hələ bu harasıdır...

Kənd sakinlərindən öyrəndik ki, təcili yardım belə bu kəndə gəlmirmiş. Belə ki, ötən gün kənd sakini Sarvan Ramazanova təcili tibbi yardım lazım olub.  

Kəndin bir digər sakini Qəzənfər Məmmədov sakinləri narahat edən problemləri bir neçə dəfə Şəki rayon mərkəzi xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırıb. Lakin bir nəticəsi olmayıb. 

Aran kənd sakinlərin haqlı narazılığını və problemini Şəki rayon mərkəzi xəstəxanası rəhbərliyinin diqqətinə çatdırdıq. Bildirildi ki, hazırda həmin kəndin tibb bacısı analıq məzuniyyətindədir. Sakinlərə məsləhət olunub ki, yaxın kəndlərdəki məntəqələrə müraciət etsinlər. 

Sakinlər isə 6 ay bağlı qalan tibb məntəqəsini kiminsə açmasını, ən kritik vəziyyətdə ilkin tibbi yardım almaları üçün kömək istəyirlər.

Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğu isə cavabsız qalıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin