100 min nəfərdən biri niyə 300 balı TOPLAYA bilmədi? – Deputatdan SİLLƏ kimi CAVAB

Hazırda oxunan: 100 min nəfərdən biri niyə 300 balı TOPLAYA bilmədi? – Deputatdan SİLLƏ kimi CAVAB

131906

Xəbər verildiyi kimi ötən gün buraxılış imtahanlarının nəticələri açıqlandı. Azərbaycanda 100 min nəfər imtahan versə də, onlardan bir nəfər belə 300 bal toplaya bilməyib. 

Əslində buraxılış imtahanlarında sualların çətin və bəzilərinin hətta anlaşılmaz olduğundan şikayətlənənlər az deyildi. Bu səbəbdən ekspertlər belə bir nəticənin elan olunacağını əvvəlcədən proqnozlaşdırırdılar. 

Bəs, əsl səbəb budurmu? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlının fikrincə, sözügedən imtahanın nəticələri təhsil sistemimizdə keyfiyyətin hansı səviyyədə olmasının göstəricisidir:

“Hər hansı, istər yaxşı, istərsə də ürəkaçmayan nəticə real vəziyyəti qiymətləndirmək üçün material verir və vəziyyətdən çıxış yolu axtarmağa imkanlar yaradır. Düzgün həll yolu tapıldıqda isə perspektivlər açır. İlk növbədə belə bir sual verməliyik - imtahanın belə nəticələrinin səbəbləri nədədir? Nə üçün belə vəziyyət yaranır? 

Bilirsiniz ki, Cənab Prezidentimiz təhsilimizə xüsusi diqqət yetirir. Bu gün ölkəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş məktəb binaları tikilib. Heydər Əliyev Fondunun xətti ilə də ən yaxşı təhsil müəssisələri inşa edilib. Amma soruşulur, həmin yaxşı və müasir məktəblərdə təhsilimizin keyfiyyəti necədir?
Mən qətiyyən ümumiləşdirmək istəmirəm. Bütün məktəblərimizdə təhsilin keyfiyyətini ümumiləşdirib qiymət vermək yalnış olardı. İmtahan nəticələri rayonlar üzrə təhsilin keyfiyyətini qiymətləndirməyə imkan verir. Hesab edirəm ki, belə nəticələr ilk növbədə təhsilimizin vəziyyəti ilə bağlıdır və təhsilimizdə keyfiyyətin getdikcə aşağı düşməsini göstərir”. 

Bəs, təhsilimizdə keyfiyyəti necə artırmaq olar?

Deputat hesab edir ki, bunun üçün ilk növbədə təhsil sistemi sağlamlaşdırılmalıdır:

“Bunun da yolu müəllimlərin sertifikatlaşdırılmasından gedir. Tədricən təhsil sistemi sağlamlaşdırılanda, siniflərdə yaxşı dərslər keçiləcək. Hər şeyi kadrlar həll edir. Məktəb direktorları, direktor müavinləri yerindədirlərsə, təhsil işini bilirlərsə, deməli məktəbdə tədrisin təşkili qaydasında olacaq, nizam-intizamda və təbii ki, keyfiyyətdə də böyük problemlər olmayacaq. 

Təhsilimizin sağlamlaşdırılması ilə yanaşı, kadr məsələlərinə də diqqət yetirilməlidir. Elə məktəblər var ki, orada uzun illər fənn müəllimi yoxdur. Qeyri-ixtisas sahibləri həmin müəllimin əvəzində dərsə girirlər. Amma ixtisas sahibi olan müəllim pensiya yaşına çatdığı üçün təqaüdə göndərilib.
Yaxşı olmazdımı ki, həmin müəllimlərlə müqavilə imzalansın və onlar öz fənnini tədris etsinlər. Elə məktəblər var ki, müəllimlərin adı gedir, amma onlar aylarla məktəbə gəlməyə-gəlməyə maaş alırlar. Bu məsələlər fərdi deyil. Bəzən inciyirlər, “siz açıqlamayın” deyirlər. Amma bu ictimai və dövlət, eləcə də millətimizin gələcəyi ilə bağlı olan məsələdir”.

Təhsil sistemindəki planlaşdırmada ciddi nöqsanların da olduğunu vurğulayan millət vəkili bu məsələdə də çəki-düzənə ehtiyacın olduğunu bildirib:

“Bakı şəhərində bəzən bir sinifdə 40 nəfər şagird təhsil alır. Bir neçə gün əvvə bir valideyn bununla bağlı mənə müraciət etmişdi. Müəllim fiziki və vaxt cəhətdən bu şagirdlərdən dərs soruşa, yaxud dərsi izah edə bilərmi? Necə ola bilər ki, 600 nəfərlik şagird üçün nəzərdə tutulmuş bir məktəbdə 1000-1500, 1000-1500 şagird üçün nəzərdə tutulan təhsil müəssisəsində isə 500 nəfər şagird təhsil alır.

Mütləq bu işlər planlaşdırılmalıdır. Təhsil keyfiyyətinin aşağı düşməsi cəmiyyətdə cəhaləti, xurafatı və radikalizmi artırır. Əgər cəhalətin və radikalizmin aşağı səviyyədə olmasını istəyiriksə, təhsilin keyfiyyəti artırılmalıdır”. 

Deputat dərsliklərdəki neqativlərə də toxunub. O, deyib ki, hər hansı bir fənn dərsliyinin bəlli ideyası olmalıdır, amma bu gün bəzi dərsliklərdə o ideyalar yoxdur:

“Şagird mövzunu oxuyur, xronologiya, yer və adam adları, rəqəmlər, faktlar bir səhifədə doludur. Amma o mövzunun ideyası yoxdur. Şagird ondan nəyi öyrənəcək və gələcəkdə qazandığı biliyi necə bacarığa çevirəcək? Dərsliklər ciddi şəkildə  həmin qüsurlardan qurtulmalıdır.

İmtahanın nəticələrinin belə göstəricisi eyni zamanda məktəb və ictimaiyyət arasındakı əlaqələrin səviyyəsini göstərir. Təhsil təkcə müəllimlərin deyil, həm də ictimaiyyətin işidir. Valideynlər övladları ilə maraqlanmalı, hər günün sonunda onların dərslərindən xəbər tutmalı,  mütəmadi məktəbdə olmalıdırlar. Açıq dərslər keçirilməlidir. 
Fikrimcə, Prezidentimizin müəyyənləşdirdiyi təhsil strategiyası dəqiqliklə yerinə yetirilərsə, təhsilimizdə keyfiyyət problemi olmaz. Paralel təhsil isə həmişə ziyanlıdır. Ümid edirəm, imtahanın nəticələri ciddi təhlil olunacaq, yaranmış vəziyyətin obyektiv və subyektiv səbəbləri araşdırılacaq. Ən optimal çıxış yolu tapılacaq və təhsilimizin keyfiyyəti yaxşılaşacaq. Əlbəttə ki, təhsildə inqilab etmək mümkün deyil. Bu, inadla, səbrlə və islahatlar aparılması yolu ilə getməlidir”.

Alçina Amilqızı, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin