“Heç bir ana övladına bu sözü deməz. Amma mən o faciəni görmüş biri kimi deyirəm ki, “istəmirəm oğlum sağ qalsın”. Ermənilər o qədər əziyyət və işgəncə verirdilər ki, bunu görən ana nə deyə bilər?”
Bizim.Media xəbər verir ki, bu fikirləri Xocalı sakini Gülayə Orucova Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İB –nin təqdimatında itkin düşən oğlu barədə danışarkən səsləndirib.
Xocalı soyqırımının baş verdiyi gecə oğlunun ermənilər tərəfindən aparıldığını deyən ana indiyədək ondan hər hansı xəbər ala bilmir:
“16 yaşlı oğlum Cavan Canan oğlu Orucovu Xocalıda itirmişəm. Hündürboy və idmançı idi. 1992-ci ilin 25 fevralı idi.
Xocalı soyqırımın baş verdiyi gecə yoldaşım yerindən durub Cavanın yanına girdi və onu qucaqlayaraq bərk-bərk öpdü. Sonra mənə “Gülayə, deyəsən bu mənə qismət olmayacaq” dedi. Həmin gecə atışma oldu və həqiqətən də oğlumu itirdik. Bu günə qədər ondan hər hansı xəbər bilmirik”.
Fevralın 25 dən 26-na keçən gecə rayona xeyli sayda tankların daxil olduğunu ürəkyanğısı ilə qeyd edən Gülayə ana raketlərin dolu kimi yağdığını deyib:
“Harasa sığınmağa imkan yox idi. İki qızım, oğlum Cavan, mən, əkiz nəvələrim, yoldaşım və kənd camaatı Qarqar çayından keçib meşəyə axışdıq. 4 gün hamı bir yerdə meşədə qaldıq.
Dördüncü günü ermənilər bizi mühasirəyə alanda oğlumuza dedik ki, qaçsın. Oğlum qaçanda ermənilər onu tutub Əskəran rayonuna aparıblar. Həmin dönəmdə isə ermənilər bizi Naxçıvanik deyilən ərazidə böyük tövləyə gətirdilər.
O tövləyə çoxlu cavanlar gətirirdilər. Elə ata var idi ki, 3 oğlundan hələ bu günə qədər heç bir xəbər yoxdu. Əsgəranda qohumlarımız var idi.
Oğlumun ora aparıldığını da elə qohumlardan eşitdik. Qohumun dediyinə görə oğlum ona “məni aparmağa imkan vermə” deyə yalvarıb. O, isə “əlimdən heç nə gəlmir” deyərək çarəsizliyini ifadə edib”.
Oğlunun taleyindən nigaran qalan ana hələ də onun sağ qayıdacağına ümid edir.
Gülayə Orucova əsirlikdə olanların geri qaytarılması üçün bir daha bütün analar adından müraciət edib:
“Kaş ki, Cavanı bir dəfə görüb doyunca bağrıma basardım və qoxlayardım. Ondan sonra Allah mənə ölüm verərdi. Bilərdim ki, oğlum sağ qalıb. Bütün şəhid anaları adından yuxarı orqanlara (Beynəlxalq təşkilatlara-red) müraciət edib yalvarıram. Əsirlikdə olanları geri qaytarsınlar. Heç olmasa, onların taleyindən xəbər bilək”.
Alçina Amilqızı, Bizim.Media