Bu gün mətbuatın işini çətinləşdirən kifayət qədər problemlər var.
Qəzetlər nəşr oluna bilmir. Saytlar oxucu cəlb edə bilmək üçün bəzən cəmiyyət tərəfindən birmənalı qarşılanmayan üsullara baş vurur. Mətbuatın qanı, canı informasiyadır. İş elə gətirib ki, bu gün mətbuat özünə mənbə kimi sosial şəbəkələri götürməli olur. Elə sosial şəbəkələr kimi mətbuat da əlinə düşən materialı informasiyanın qaynağına çatmadan, yarım-yamalaq verməli olur.
Çox zaman da yazılar sadəcə “plan doldurmaq”dan o tərəfə keçə bilmir.
Mətbuatı informasiyadan məhrum etmək üçün dövlət qurumları əllərindən gələni əsirgəmir. Əvvəlcə mətbuat xidmətləri yaradıldı. Hamı sevindi ki, artıq informasiya almaq işi asanlaşacaq. Yenə bir neçə il əvvələ kimi qurumların müxtəlif şöbə rəhbərləri, peşəkarlarla əlaqə yaradıb dolğun informasiya almaq olurdu.
Hazırda bu imkanlar, demək olar ki, aradan qaldırılıb. Hansı qurumdan nəsə soruşmaq istəyən kimi tez bir e-mail ünvanı yazır. “Nə sualınız varsa, bura göndərin”- vəssalam. Bundan sonra günlərlə gözləməli olursan ki, görəsən sualımın cavabı nə vaxt gələcək?
O sualın cavabı gəlib çıxana qədər məsələ gündəmdən düşür. Bundan əlavə gələn cavab o qədər qəliz, dolaşıq, rəsmi olur ki, içində informasiya xarakterli nəsə tapa bilənə afərin düşür.
Bu gün demək olar ki, bütün qurumlarda bu problem yaşanır.
Məsələn, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə polietilen torbalarla bağlı göndərdiyimiz sorğunun cavabı həftələr sonra gələndə məlum oldu ki, artıq mahiyyətini itirən informasiya elə sadəcə iki cümlədən ibarət və hamının bildiyi məsələdən o tərəfə getmir.
Elm və Təhsil Nazirliyinə məktəb bufetlərindəki vəziyyətlə bağlı göndərdiyimiz sorğuya informasiya mahiyyətini itirdikdən sonra “Sorğunuza cavab olaraq bildiririk ki, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.-cı bəndinə görə, ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir” cavabı gəlir.
Halbuki, bu məlum informasiyadır və biz bufetlərin kimlər tərəfindən işlədilməsini soruşmamışıq.
Qida Təhlükəsizliyi Agentliyinə göndərdiyimiz sorğuya bir aydan sonra tamamilə əlaqəsi olmayan, özlərinin apardıqları monitorinqin aylar əvvəl mətbuatda yayımlanan mətni gəlir.
Qurumun mətbuat xidməti ilə əlaqə saxlayanda telefonun o başından nəsə kağızda qeydlər aparıldığını hiss edir. Bu dəfə cavab gecikmir. “Gedin açın qanunları oxuyun. Görün orada sizin mənim dediklərimi yazmağınız qanunauyğundurmu?” cavabı gəlir. Amma nədənsə sorğuların bir ay gecikməsinin qanunsuzluq olduğu xatırlanmır.
Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz sorğuya o qədər rəsmi, sadəcə qanunların yazıldığı bir məlumat gəlir ki, ümumiyyətlə məlumatı hansısa məqalədə işlətmək mümkün deyil. Bu siyahını istənilən qədər uzatmaq olar.
Bir az tənqidi material olan kimi isə o dəqiqə yazının kiminsə sifarişi ilə yazıldığı düşünülür. Qısası bu gün mətbuatın əldə etmək istədiyi informasiya aslanın ağzından mədəsinə enib. Qurumların bu qədər qapanması mətbuatın “yaradıcılığını” artırır. Bu gün insanların mətbuatın ciddiyətinə inanmamasının səbəblərindən biri də budur.
Biz çox istərdik ki...
Mətbuat Şurasının sədri Rəşad Məcid Bizim.Media-ya mövzu ilə bağlı bildirdi ki, bir çox hallarda dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri müstəqil olmurlar, özləri hansısa informasiyanı yaymaqda tərəddüd edirlər:
“Mən çox arzu edərdim ki, bizim dövlət qurumlarının, nazirliklərin rəhbərləri mətbuat xidmətlərinə bir az azadlıqlar versinlər. Mətbuat katibləri üçün daha rahat və azad şərait yaradılsın.
Onlar görülən işlər barəsində yalnız press-reliz yaymaqla kifayətlənməsinlər. Eyni zamanda, başqa sorğuları cavablandıra bilsinlər. İndi bir çox qurumların mətbuat xidmətlərinin rəhbərləri peşəkar jurnalistlərdir. Mənə elə gəlir ki, onlara etibar etmək olar.
Bu gün dövlət qurumlarının gördükləri işin təbliğində medianın rolu az deyil. Ona görə də qurumlarımız gördükləri işlərlə bağlı məlumatları öz internet resurslarında yaymaqla yanaşı, medianın sorğularına da cavab verməlidirlər”.
Biz mətbuat çalışanları da çox arzu edirik ki, araşdırdığımız, cəmiyyəti düşündürən problemlərlə bağlı dövlət qurumlarına ünvanladığımız suallarımıza heç olmasa, 50 faiz əhatə olunmuş cavablar ala bilək.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 20.04.2023
Cavabsız qalan SUALLARIMIZ – İnformasiya vermək yerinə, qanun öyrətməyə çalışan mətbuat KATİBLƏRİ
Hazırda oxunan: Cavabsız qalan SUALLARIMIZ – İnformasiya vermək yerinə, qanun öyrətməyə çalışan mətbuat KATİBLƏRİ
Hazırda oxunan: Cavabsız qalan SUALLARIMIZ – İnformasiya vermək yerinə, qanun öyrətməyə çalışan mətbuat KATİBLƏRİ
131719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.