1921-ci ildə imzalanan Beynəlxalq Qars müqaviləsinin şərtləri və beynəlxalq konvensiyaların tələbləri kobud şəkildə pozulub.
Bununla bağlı Naxçıvan televiziyası reportaj hazırlayıb.
Bizim.Media xatırladır ki, Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsi çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olmaqla yanaşı, muxtar respublikanın ərazi mənsubiyyəti, sərhədlərinin təsbiti və qorunmasına şərait yaradıb.
Lakin Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə qəsdlər olunmuş, bu müqavilə ilə təsbit edilmiş ərazinin təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.
Belə ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi, daha dəqiq desək, 657 kvadrat kilometr ərazi qanunsuz olaraq Ermənistana verilib.
Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Ağbinə, Ağxəç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi Ermənistana verilib.
1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana birləşdirilib. Lehvaz, Astazur və Aldərə kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verilib.
Təsadüfi deyildir ki, Ermənistana verilmiş Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Boloraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar qoymaqla tariximiz və toponimlərimiz saxtalaşdırılıb.
Sonrakı illərdə Sədərək rayonunun Kərki kəndi də daxil olmaqla bir sıra ərazilər Ermənistan tərəfindən işğal olunub, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın bir qismi deportasiya olunaraq Naxçıvana köçməyə məcbur edilib.
Beləliklə, tarixi sənəd və faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, sovet hakimiyyəti illərində Naxçıvanın 12 kəndi Ermənistana verilib, bu kəndlərdən yerli azərbaycanlı əhali çıxarılıb, yer adları dəyişdirilib.
Əminik ki, Vətən müharibəsində qələbə çalan ədalət tarixi torpaqlarımıza qayıdışın da ayaq səsləri olacaq.
Bizim.Media