“Dərsliklər o qədər qəliz yazılıb ki, anlamaq üçün bir saat yetmir” – Yazıçıdan ETİRAZ 

Hazırda oxunan: “Dərsliklər o qədər qəliz yazılıb ki, anlamaq üçün bir saat yetmir” – Yazıçıdan ETİRAZ 

131454

“Uşaqların mütaliə alışqanlığı erkən yaşlarından başlamalıdır. Çünki kitabla tanışlıq bir az gec olanda artıq uşaq tərəfindən çox çətin mənimsənilir. Uşaq yaşlarından kitab oxumayan bir gənc üçün oturub mütaliə etmək işgəncədir”.

Bunları Bizim.Media-ya açıqlamasında Azərbaycan Yazıçılar  və Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdən ana dilimizə HÖRMƏTSİZLİK – Komissiya yaradılması TƏKLİF olundu


Onun sözlərinə görə, körpələr 4-5 aylıq olandan onların önünə rəngli kitablar, jurnallar qoymaq lazımdır ki, sonradan vərdiş yaransın: 

“Uşaqlar körpəlikdən kitablara alışarsa, sonra get-gedə nağılları, kitabları və mütaliəni də sevəcək. Təəssüf ki, bizim ölkəmizdə kitablara, mütaliəyə münasibət həmişə digər ölkələrdən geri qalır. Amma müəyyən dövrlərdə canlanma olur. Hazırda bu canlanma hiss olunur. Məsələn, bir neçə il bundan əvvələ qədər demək olar ki, hamı internetə yönəlmişdi. Uşaqlara internet vasitəsilə kitablar oxuyurdular və s.

Amma sonra gördülər ki, yox, bu yanaşma uşagı geri salır. Yenidən kitablara keçdik. Ölkəmizdə kitab evləri, kitablara sevgi yaranıb. Uşaqların həyatında kitablara geniş yer verilməlidir ki, onlar mənəvi cəhətdən zəngin səviyyədə böyüsünlər”.

G.İbrahimova hazırda dərsliklərə salınan çətin mətnlər, yazılarla bağlı narahatlığını da ifadə edib: 

“İndi dərsliklərə o qədər çətin, bərbad mövzular, tərcümələr salırlar ki, nəticədə təhsillə uşağın arasında keçilməz körpü yaranır. Bir evə qonaq getmişdim. İkinci sinif şagirdinin dərsini öyrətmək istədim. Uşağa "səni indi beş dəqiqəyə öyrədəcəyəm”, - dedim. İkinci sinfin kitabından həmin yazını oxuyanda çox təəssüfləndim. Mövzu o qədər qəliz yazılmışdı ki, anlamaq üçün bir saat da yetməzdi. 

Cümlələri, mövzunu çox çətin, dolaşıq yazırlar. Ona görə də hazırda dərslik və digər kitabların yazılmasında, tərcüməsində çox irəliləyişlər olsa da əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq.

Mövzunu elə işləməliyik ki, uşaq onu qısa vaxtda öyrənib mənimsəyə bilsin. Sadə yazmalıyıq ki, uşaqlar əsəbləşə-əsəbləşə yox, sevinə-sevinə oxusunlar.

Qidalarımızın sağlam olması üçün çalışırıq, eyni zamanda mənəviyyatımızın sağlamlığı üçün də çalışmalıyıq”.

Gülzar İbrahimova redaktoru olduğu “Sehirli Dünya” uşaq jurnalının nəşrinin nə üçün dayandırılması məsələsinə də aydınlıq gətirib: 

“Jurnalımız bütün bölgələrdə uşaqlar tərəfindən sevilir və səbirsizliklə gözlənilir. Amma təəssüf ki, hazırda jurnalın nəşri ilə heç kim maraqlanmır. 12 illik nəşri müddətində Mədəniyyət Nazirliyi tərəfindən dəstək olunub. Amma bir neçə ildir ki, sakitlikdir. Pandemiya dönəmindən nəşr dayanıb. Yenidən nəşri ilə bağlı nazirliyə müraciət də etmişəm.
Çünki abunə olmayanda jurnalın nəşr xərcləri ilə bağlı problem olur. Mədəniyyət Nazirliyi yenə əvvəlki kimi abunəlikərin bərpasında dəstək olarsa, jurnalı nəşr edə bilərik. Söz verilib, amma hazırda gözləyə-gözləyə qalmışıq”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin