Bu gün eşitdiyim xəbərdən əməlli şoka düşdüm. Əslində belə hadisələr əyalətlərdə adi hal alıb. Mən isə hər dəfəsində eşidəndə beynim çat verir. Eşitdim ki, üç il əvvəl 7-ci sinifdə dərs dediyim uşağı ərə verirlər. Hansı ki, bu il 10-cu sinfə getməlidi. Baxırsan çəlimsiz, cılız bir qız uşağı. Bu uşaq nə anlar ərdən, arvad olmaqdan? O qız uşağı ailə həyatı, bunun məsuliyyəti nədir dərk edərmi, o yaşda yeniyətmənin orqanizmi davamlı intim həyata, uşaq doğmağa hazırdımı?! Uşaq uşaq doğarmı?! Ana ola bilərmi?! Uşaq ağlıyla nə anlar evdarlıqdan, ev xanımı olmaqdan, uşaq tərbiyə etməkdən? Bu dövrdə bu nə zehniyyət, bu nə çürük düşüncə?! Özü də Türkiyəyə gəlin köçəcək. Bir ana, lap cahilliyini qoydum bir kənara, nə qədər qəddar, ürəksiz, gönüqalın olmalıdır ki, uşağını, məhz UŞAÄžI parta arxasından durquzub qolundan tutub başqa bir ölkəyə ərə göndərsin. Heç mi insafı, ürəyi yox bu ananın? O bala o yaşda nə edər qəriblikdə, doğmalarından kənarda? Yeniyetmə, qayğıya ehtiyacı olan balasını yad ellərə başqa birisinin qulluğunda durmağa necə göndərə bilər o boyunu yerə soxduğum ana?! Öz əlinlə götür balanı oda at. Onun o körpə çiyinlərinə bu yaşda bu boyda məsuliyyəti, qəriblikdə doğmalarının həsrətini, ailə həyatında mütləq və mütləq qarşılaşacağı özündən böyük problemləri, çətinlikləri yükləmək yaziq, günah... Onun hələ ana qucağına sığınan vaxtıdı. Ər, qaynana qulluğunda duran, uşaq saxlayan vaxti deyil. Niyə qız balalarını belə başdan edirlər? İlahi... Axı o hələ UŞAQdı, UŞAQ!!!
O qadın ana adına layiq deyil. Bəlkə də bu vaxta qədər övladı üçün çox zəhmət çəkib. Lakin bu gün bütün o əziyyətləri bu əməli ilə zibilə döndərir. Hələ bir toyda artistlik edir. Guya qızına baxır ürəyi, gedir, halbahal olur. Guya ürəyi ağrıyır uşağını bu yaşda uzaq elə gəlin köçürdüyü üçün. Üzünə su atırlar, qolundan tutub gətirirlər toy mağarına, qol qaldırıb oynasın. Ümumiyyətlə, bu toyda qol qaldırıb oynamaq olarmı? Gəncliyinə addım atmadan uşaq çağından gəlin çağına köçürülən qız balaların gözlərində boğulan gənclik həsrətinin hesabını kim verəcək? Gəncliyi əlindən alınır o uşağın, arzuları, azadlığı əlindən alınır. Daha gənc qız olmadan qadın olacaq, kiməsə arvad, kiməsə gəlin, kiməsə ana olacaq. Bəs özünə? Özünə heç nə! O bir qurbandı. Bundan sonra başqaları üçün yaşayacaq. Onun məşğuliyyəti, məqsədi, vəzifəsi yalnız başqalarına görə müəyyən olunacaq. Kimisə təmiz əyin-başla təmin etmək, kiminsə qarnını doydurmaq, kiminsə ayağının altını süpürüb təmizləmək. O uşağın arzuları yuyub parıldatdığı qab-qacağın kölgəsində itəcək.
Lalə Oruc
					






























































































