“Quran”ı tərcümədən oxumaq insana heç bir savab qazandırmır. Bu fikirləri ötən gün “Space” televiziyasında yayımlanan “İnam” verilişində ilahiyyatçı, İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev səsləndirdi.
Qeyd edək ki, proqramın aparıcısı, eləcə də digər qonağı mövzu ilə bağlı alternativ fikirlər irəli sürməyə çalışsa da, İbrahim Quliyev bu məsələdə güzəştə yer saxlamadı.
Hazırda Ramazan ayını yaşayırıq. Oruc tutanlar, dolayısıyla “Quran” oxuyanlar da çoxdur. İlahiyyatçının bu fikirlərindən ortaya bu nəticə çıxır ki, müqəddəs kitabı tərcümədən öyrənənlərin əməyi boşunadır.
Mövzu ilə bağlı ilahiyyatçılara müraciət etdik.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, ilahiyyatçı alim hacı Fuad Nurullah Bizim.Media-ya bildirdi ki, “Quran”ı tərcümədən oxuyanda əsl mənası tam qarşılanmır:
“Tərcümədən oxuyarkən müqəddəs kitabda Uca Allahın o ifadələrlə tam nəyi murad etdiyini təsbit edərkən xətaya yol verə bilərik. Nəticə etibarilə “Quran”nın bir dili var. Yaxşısı, imkan daxilində “Quran”nın öz dilində, yəni nazil olduğu dildə oxunmasıdır. Amma təbii ki, ərəb dilini bilməyənlər onu tərcüməsindən də oxuya bilərlər. Nəticədə dili bilməyən insan “Quran”dan necə maariflənəcək, necə bəhrələnəcək? Buna görə də tərcüməsindən istifadə edəcəklər. Dili bilməyən, öyrənməyə gücü-qüdrəti olmayanlar mənasını tərcümədən oxuyub anlamağa çalışır”.
F.Nurullah onu da əlavə edib ki, “Quran” oxumağı ibadət mahiyyətində, ibadət niyyəti ilə ediriksə, ərəb dilində oxunması vacibdir:
“İnsan namaz ibadəti əsnasında “mən öyrənə bilmirəm, ona görə Azərbaycan dilində deyim” - deyə bilməz. Alimlərimizin bu məsələdə qəti olaraq fikri var ki, “Quran”dan oxunacaq surə və dualar ibadət içərisində mütləq şəkildə ərəb dilində oxunmalıdır”.
İlahiyyatçı, eyni zamanda İlahiyyat İnstitutunun müəllimi Vüqar Səmədov isə açıqlamasında bildirib ki, ərəb dili çətin dillərdən sayılır:
“Bir müsəlman ilk növbədə öyrənməyə cəhd etməlidir. Əldən gəldiyi qədər qısa surələri və s. ərəb dilində öyrənmək lazımdır. Doğrudur ki, “Quran”ın əsli tərcüməsi kimi olmur. Amma biz deyək ki, adamın niyyəti safdır, tərcümədən oxuyub öyrənməyə çalışır, yazılanlara əməl edir. Bunun savabı vardır. Uca Allah həmin insana da savab verər, inşallah. Yəni, niyyətini təmiz tutub oxuyan insanı savabdan məhrum etməyək. Amma insanlarımız “Quran”nın ərəbcəsini dinləyərək, mənasına da baxaraq ondan daha çox feyz ala bilər. Çünki “Quran” bir möcüzədir. Və möcüzə onun orjinalında gizlidir, desək doğru olar”.
Müsahibimizin sözlərinə görə, ərəb dili elə bir dildir ki, bir söz özündə 9-10 mənanı daşıyır. Elə bu baxımdan da tərcümə edəndə həmin məna tam olaraq əks olunmur:
“Bu nöqteyi-nəzərdən söylənilir ki, “Quran” endirildiyi dildə oxunsun. Amma dediyim kimi, adamın niyyəti safdır, ərəb dilində “Quran”ı oxuya bilmirsə, savab qazanıb-qazanmayacağı barədə biz insanlar dəqiq bir şey deyə bilmərik. Çünki bunu ancaq peyğəmbərimiz (s) özü deyə bilərdi ki, “Quran”ın tərcüməsindən də savab alınır, ya yox. Bu barədə dəqiq bir şey ona görə deyə bilmirik ki, bu haqda peyğəmbərimizdən (s) dəqiq dəlil yoxdur. Çünki o zaman sadəcə ərəblər müsəlman idi. Və “Quran”ın tərcüməsi olmadığı üçün bunun haqqında peyğəmbərimizdən (s) bir açıqlama yoxdur. Biri “olar”, digəri “olmaz” deyir. Dolayısıyla hər kəs öz fikrini, öz görüşünü səsləndirir”.
“Qurani-Kərim”in ərəbcə oxunaraq tərcüməsinə baxılmasının daha müsbət hal olduğunu deyən Heydər Məscidinin imamı, hacı Rüfət Qarayev isə bildirib ki, ərəb dilini bilməyənlər də “Quran”ın buyurduqlarından savab qazana bilərlər:
“Ərəb dilini bilməyənlər də öz dillərində oxuyub, dərk edib və əməl edərək savab qazana bilərlər. Allah etdiyiniz bütün ibadətləri qəbul etsin”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 18.04.2023
“Quran”ı tərcümədən oxumaq savab qazandırmır? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA
Hazırda oxunan: “Quran”ı tərcümədən oxumaq savab qazandırmır? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA
Hazırda oxunan: “Quran”ı tərcümədən oxumaq savab qazandırmır? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA
131241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.