“İşıq çirklənməsi”nin yaratdığı PROBLEMLƏR – Gecələr ulduzlar görünmür, heyvanlar yolunu azır...

Hazırda oxunan: “İşıq çirklənməsi”nin yaratdığı PROBLEMLƏR – Gecələr ulduzlar görünmür, heyvanlar yolunu azır...

130794

Hazırda dünyada kosmosun “işıqla çirklənməsi” problemi var. 

Belə ki, bu gün insanlar səmaya baxdıqda, şimaldan cənuba doğru uzanan Süd Yolu qalaktikasının milyardlarla ulduzunun yaratdığı işıqlı yolu görə bilmirlər. Göydə Böyük Ayı və Kiçik Ayı tapmaq, bürcləri və planetləri seçə bilmək indi adi gözlə qeyri-mümkün hala gəlib.

Xüsusən də böyük metropollarda yaşayanlar, demək olar ki, səmada ulduzların olduğunu xatırlamırlar... 

Bizim.Media Türkiyə mətbuatına istinadla mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Belə ki, hər il 10 faiz artdığı təxmin edilən “işıq kirliliyi”, nəzarətsiz işıqlandırma səmanın fon parlaqlığını artırır və səma cisimlərinin görünməsini çətinləşdirir. Bu amil isə köçəri quşların yollarını azmasına, atəşböcəklərinin çoxalmasına, tısbağa balalarının dəniz əvəzinə otellərə üz tutmasına, hətta bitki örtüyünün stress yaşamasına səbəb olur. 

Bu vəziyyət dünyada narahatlıq yaratdığı üçün bəzi ölkələr işıq çirklənməsini tamamilə aradan qaldırmaq üçün çalışarkən, bəziləri “Qaranlıq Səma Parkları”nın yaradılması üzərində işləyir. 
Belə ki, binalar, küçə işıqlandırmaları, nəqliyyat vasitələri kimi amillərdən qaynaqlanan işıq çirklənməsinin qarşısını almaq, səmanı daha aydın görünməsini təmin etmək, heyvanlara və bitkilərə zərər verməmək üçün işıqlandırmanı nəzarət altında saxlamağa çalışarkən, atmosferi və ya kosmosu deyil, yalnız ərazinin işıqlandırılması kimi yeni üsullar sınanır. Xüsusilə, daha az enerji sərf edən və daha uzun ömürlü olan LED işıqların yaydığı mavi işığa qarşı sarı filtrlərlə tarazlaşdırma aparılır.

Digər mühüm tədbir isə “Qaranlıq Səma Parkları”nın yaradılmasıdır. Bu parklarda işıqdan demək olar ki, heç istifadə edilmir və ya çox idarəli, məhdud istifadə edilərək coğrafi bir bölgə qaranlıqda səmanın reallığa ən yaxın halıyla görünə biləcəyi bir mühitə çevrilir.

İşıq çirklənməsinə qarşı mübarizə aparan Beynəlxalq Qaranlıq Səma Assosiasiyası (IDSA) “Qaranlıq Səma Parkları”nı sertifikatlaşdırır. Baş ofisi ABŞ-ın Tucson şəhərində yerləşən bu qeyri-kommersiya assosiasiyası yerli hökumətlər üçün texniki dəstək, eləcə də təlim və maarifləndirmə tədbirləri həyata keçirir.

Sertifikatlaşdırılmış “Qaranlıq Səma Parkı”nın yaradılması təkcə ətraf mühitin qorunması üçün deyil, həm də turizm üçün vacibdir, çünki o, “astroturizm” adlanan ziyarətçi axını yaradır. Astroloji müşahidələr aparmaq istəyən tədqiqatçılarla yanaşı, hər il minlərlə ziyarətçi ulduzlu səmanı müşahidə  üçün bu parklara gedir. Qeyd edək ki, artıq dünyada 92 “Qaranlıq Səma Parkı” var.
Təxminən 2000 əhalisi olan kiçik Sakit Okean ölkəsi Niue, 2020-ci ildə özünü tamamilə “Qaranlıq Səma Parkı” ölkəsi kimi qeydiyyatdan keçirən ilk ölkə oldu. İngiltərənin Kanal adalarının ən kiçiyi olan Sarkda avtomobil və küçə işıqlarından demək olar ki, istifadə edilmir, iş yerlərində işıqlandırma işıq çirklənməsinə səbəb olmayacaq şəkildə təşkil edilir. Yeni Zellandiya milli proqram hazırlayaraq işığın çirklənməsini azaltmağı dövlət siyasətinə çevirib.

Digər tərəfdən, Avropa və ABŞ-ın bəzi ştatlarında gecə işıqlandırması və quşların köç etdiyi dövrlərlə bağlı bəzi qaydalar tətbiq olunur.

Qeyd edək ki, Türkiyə də Ankara və ya Bursa şəhərlərində bu cür “Qaranlıq Səma Parkları”nın yaradılmasını hədəfləyib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin