“Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib.
MÖVZU İLƏ BAĞLI:
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edildi - RƏSMİ
İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub.
İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.
General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Proses aprelin 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.
Bizim.Media