"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu xətlərində baş verən oğurluqlar barədə məlumat yayıb.
ADY-dən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində hüquq mühafizə orqanları tərəfindən maddi sübutlarla birlikdə saxlanılıblar.
Qeyd olunub ki, son zamanlar dəmir yolu infrastrukturunun normal fəaliyyət göstərməsinə kənar şəxslər tərəfindən müdaxilələr artıb:
“Xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementlərinin oğurluq halları (rels yanlığı, rels atlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar və s.) daha çox baş verir.
ADY və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır hadisələrin qarşısı vaxtında alınıb. Dəmir yolu qurğuları və avadanlıqlarının talan edilməsi yol infrastrukturuna küllü miqdarda ziyan vurmaqla yanaşı qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır”.
Bildirilib ki, aprel ayının son 12 günü ərzində 7 oğurluq halı baş verib və şübhəli şəxslər saxlanılıb. İnfrastruktura vurulan ziyan dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə, o cümlədən sərnişinlərin həyatına ciddi təhlükə yarada bilər.
ADY vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa, oğurluğa cəhd halları ilə rastlaşdıqda isə yaxınlıqda yerləşən dəmir yolu stansiyası və hüquq mühafizə orqanlarına dərhal məlumat verməyə çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 13.04.2023
Bu ay dəmir yolunda 7 oğurluq olub - ADY
Hazırda oxunan: Bu ay dəmir yolunda 7 oğurluq olub - ADY
Hazırda oxunan: Bu ay dəmir yolunda 7 oğurluq olub - ADY
130572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.