"Qədr sözün hərfi mənasında qədər, miqdar deməkdir. Yəni, hədislərdə buyurulur ki, Allah-təala Qədr gecəsində mələklərin vasitəsilə onalara əmr edər, yeni bir Ramazana qədər yaranmışların xüsusilə də insanların müqəddəratı qərarlaşdırılar. Biz bu gecədə çalışırıq ki, sübhədək oyaq qalaq. Çünki qədr gecəsinin digər bir adı da Əhya, yəni oyaq qalmaq gecəsidir".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Qədr gecəsində mollalarımız niyə mərsiyə oxuyur? – İlahiyyatçıdan İran təsirli mollalara İRAD
Sədr müavini bildirib ki, Allah-təala bu gecəni hətta Peyğəmbərindən belə gizli saxlayıb ki, insanlar əksər gecəni qədr gecəsi bilsin və ibadətlə məşğul olsunlar:
"Peyğəmbər öz hədisində buyurur ki, qədr gecəsi Ramazan ayının sonuncu 10 günlüyünə təsadüf edər. Ona görə Ramazanın son on gününü xüsusi şəkildə keçirirlər ki, qədr gecəsini yaşaya bilsinlər.
Qədr gecəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Allah-təala bu gecədə Peyğəmbərinə Quranı nazil edib. Biz də oyaq qalıb dualar etdikdə Quranın nazil olma zamanını yaşamış oluruq. Allah-təala Qədr surəsində də bu gecənin savab və fəzilətini geniş açıqlaması ilə bizlərə çatdırır. “O gecə min aydan qiymətli bir gecədir”, - deyilir".
Fuad Nurullayev sözlərinə davam edərək bildirib ki, başqa aylarda belə bir gecə yoxdur:
"Müqəddəs Quran elə bir mənbədir ki, onun əzəmətini hər vaxt qorumalıyıq, onun dediklərinə əməl etməliyik. Qədr gecəsində iki rükət Əhya namazı qılınır. Əhya namazı sübh namazına oxşayır, amma hər rükətdə 7 ixlas surəsi deyilir. Qədr gecəsində dualar etmək, zikr etmək, namaz qılmaq savabdır.
İmkanı olanlar bu gecədə qüsl etsələr yaxşıdır. Qədr gecəsində insanlar öz səhvlərini nəzərinə gətirib, Allahdan bağışlanmağını istəməlidirlər. Allaha, Qurana and verərək Peyğəmbərin, imamların ruhuna and verərək arzu və diləklərinin gerçəkləşməsini istəməlidirlər. Bu ibadətlər, xüsusilə, birgə şəkildə məscidlərdə icra olunur".
Ziya Hikmətoğlu, Bizim.Media