Arxa-arxaya maşın sürmək psixoloji problemdir, yoxsa TREND? – VİDEO 

Hazırda oxunan: Arxa-arxaya maşın sürmək psixoloji problemdir, yoxsa TREND? – VİDEO 

130551

Bu günlərdə daha bir qəribəliklə rastlaşdıq. 20 yaşlı gənc çılpaq vəziyyətdə avtomobili hərəkətin əks istiqamətinə sürməyi ilə gündəm yaratdı. Sonradan polis tərəfinfən saxlanılan gəncin psixi probleminin olduğu deyildi.

Lakin, bunun ardınca Moskva prospektində daha bir sürücünün eyni hərəkəti təkrarlaması bunun  gənclər arasında trendə çevrilməsi ehtimalını gündəmə gətirdi. 

Belə qorxulu trendlərə qoşulanların sayının artması təbii ki, ciddi şəkildə düşünmək zərurəti yaradır. Gənclərin populyarlıq üçün bu cür cinayətlərə əl atması ilk növbədə ictimai təhlükə yaradır. Üstəlik, bu, digərlərinin psixologiyasına mənfi təsir göstərir.

Bəs, gənclərimizin bu cür trendlərə qoşulmasının səbəbi nədir?

Tanınmış psixoloq Gülnarə Abuzərova məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb. O bildirib ki, bəzi gənclər trend olmaq üçün çox təəssüf ki, hər şeyə əl atırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha bir avtomobil arxa-arxaya getdi - VİDEO


“Bu əslində psixoloji problemdir. Həyatda özünü təsdiqləyə bilməyən və yaxud da daha tez populyarlıq qazanmaq istəyənlər ağıla gəlməyən yollara əl atırlar. Məsələn, avtomobili çılpaq idarə etmək, avtomobili əks istiqamətə sürmək kimi hərəkətlər həmin gənclərin psixoloji vəziyyətinin yerində olmadığının göstəricisidir. Çünki, normal insan bunları etməz. 

“TikTok”da 2-3 min baxış toplamaq üçün həm öz, həmdə digərlərinin həyatını riskə ataraq, avtomobili əks istiqamətə sürmək sadəcə dəlilikdir. Bu patologiya deyil. Amma psixoloji haldır. Psixoloji durumu yerində olan şəxs fikirləşər ki, bu hərəkətləri ilə ictimai təhlükə yaradır, cinayət törədir. Əgər bunu düşünmürsə deməli, onda psixi xəstləliyin simptomları var”.
Psixoloq onu da qeyd edib ki, bu günkü gənclik əgər trend  və populyarlıq üçün hansısa cinayətə əl atırsa bu artıq cəmiyyətimizin problemidir:

“Deməli, biz çox təhlükəli mərhələyə qədəm qoymuşuq. Bu məsələdə ailə güclü faktordur. Ailələr gənclərə xüsusi həssaslıq göstərməlidir. Ailədə gənclərə onların istədikləri həyatdan qabaq, cəmiyyətin arzuladığı tərbiyə verilməlidir.

Çünki, normal ailə tərbiyəsi görməyən uşaq gec-tez özünün naqisliklərini biruzə verəcək. Bax, haqqında danışdığımız trend də ailə tərbiyəsində yol verilən nöqsanların fəsadlarıdır. Deməli, bəzi ailələr normal yox, psixi pozğunluğu olan vətəndaşlar yetişdirir”.
Məsələyə tanınmış sosioloq Lalə Mehralının isə məsələyə yanaşması belə olub:

“Bu gün təkcə sürücülər deyil, iş adamları, müəllimlər də trendə qoşulublar. İnsanların başqalarının hərəkətini bu qədər həvəslə təqlid etməsi doğrudan da suallar doğurur. Bəyəm insanların öz düşüncəsi, ağılı yoxdurmu ki, başqalarının etdiklərini bu qədər həvəslə yamsılayırlar?! 

Üstəlik, bu cür trendlər bəzi hallarda pis nümunə və ictimai təhlükə yaradır. Avtomobili qanunazidd olaraq əks-istiqamətə sürmək kimi bir trendin gənclərimiz tərəfindən təşviq edilməsi çox təhlükəli bir haldır. 

Əvvəlki, hadisədə deyək ki, gəncin psixi pozğunluğu vardı və onu göndərdilər xəstəxanaya. Bəs, bundan sonra baş verənlərə necə don geyindiriləcək? Mən düşünürəm ki, belə trendlərə qarşı qanunun ən sərt üzü göstərilməlidir ki, gənclər bu qorxulu və ağılsız fikirlərdən əl çəksinlər. Belə trendlərə qarşı ictimai qınağı da gücləndirmək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin