Matəm elan olunmalıydımı? -Rəylər

Hazırda oxunan: Matəm elan olunmalıydımı? -Rəylər

130309

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı 15 əsgərimiz şəhid oldu. Ümumiyyətlə, bir çox ölkələrdə, məsələn, Türkiyədə bu cür hadisələr baş verən zaman ölkədə matəm elan edilir. Ölkəmizdə matəmin elan edilməməsinin düzgün addım olmadığını deyənlər də var, əksini düşünənlər də. 

Deputat Fəzail Ağamalı vətən uğrunda döyüşən, şəhid verən ölkədə matəm elan olunmadığını dedi: “Düşünürəm ki, matəm elan edilməsinə ehtiyac yoxdur. Biz torpaqlarımızın azad olunması uğrunda şəhid vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar vətən uğrunda şəhidlik zirvəsinə yüksəldilər. Vətən uğrunda döyüşən, şəhid verən ölkədə matəm elan olunmur. Terror aktı zamanı, katiklizmlərin baş verdiyi, dinc əhalinin kütləvi şəkildə ölümü ilə nəticələnən, eyni zamanda bu və ya digər ölkənin kütləvi şəkildə genosidə yol verə biləcəyi hallarda əlbəttə ki, matəmin olması mümkündür. Amma  Azərbaycan əsgərləri işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına vuruşaraq həlak olub şəhidlik zirvəsinə qalxıblarsa, bunu matəm kimi qarşılamaq lazım deyil. Mən göz yaşlarının axıdılmasına o qədər də ehtiyac duymuram. Çünki bu, qəhrəmanlıq nümunəsidir. Qəhrəmanlar heç vaxt matəm göz yaşları ilə yola salınmır. 

Qəhrəmanlar hər zaman böyük qürur hissi ilə və onlarla fəxr edilərək, böyük təmtəraqla torpağa tapşırılır. Buna görə də şəhidlərimizin məhz bu şəkildə dəfn olunması, orada insanların kütləvi şəkildə iştirakı bir daha göstərdi ki, Azərbaycan xalqı ilə ordumuz, dövlətimiz bir yerdədir. Biz başlanmış olan işimizi sona çatdırmalı və erməni işğalçılarının Azərbaycan torpaqlarından həmişəlik və birdəfəlik çıxarılmasına nail olmalıyıq. Onların müqavimətini qırıb, meyitləri üzərindən torpaqlarımızın bütövlüyünü təmin etməliyik. Bu yolda şəhid veririksə, bu bizim şərəf, qürur yerimizdir. Bununla ancaq qürur duymaq lazımdır”x9d.


ADP sədri Sərdar Cəlaloğlu da matəmə ehtiyac olmadığını düşünür: “Matəm elan olunması vacib deyil. Amma cəbhədə əsgərlərimiz ölürsə, orada müharibə gedirsə, cəmiyyətin də buna adekvat reaksiyası olmalıdır. Televiziyalar gündəlik meyxanalardan, çalğılardan, konsertdən əl çəkmirsə, yaxud cəmiyyətin özündə gecə bar, gündüz restoranlar işləməsi olmaz. Bu ölənlər qalanlar üçün ölüb. Hökumət bu baxımdan düzgün siyasət aparmalıdır. Milləti, xalqı ordu ilə birləşdirməlidir. Xalq öz ordusu ilə nəfəs almalıdır. Orduda baş verən hər bir şey xalqın həyatında əks-səda doğurmalıdır. Kimsə balasını cəbhəyə yollasın, digərinin də öz uşağı ilə burada qalıb əylənməsi ədalətsizlik olar. Ona görə də camaatın orduya olan diqqətini artırmaq, torpaqlarımızı müdafiə etmək üçün bütünlükdə  milləti səfərbər etmək üçün düzgün təbliğat siyasəti aparmaq lazımdır. Çox təəssüf ki, bu istiqamətdə çox böyük qüsurlar var. Xüsusən elektron televiziyalarda aparılan təbliğat adekvat deyil. Ümumiyyətlə,  cəmiyyətin özündə aparılan təbliğat adekvat deyil. Müharibə qəflətən geniş bir müharibəyə çevrilə bilər. Bəzi dövlətlər bura qoşula bilər. Daha kontinental bir prosesə çevrilə bilər. O zaman Azərbaycan xalqı bu davranışla, bu şüurla vəziyyətdən necə çıxa bilər? Ona görə də cəmiyyəti hazırlamaq lazımdır. Camaat elə bilir heç vaxt müharibə olmayacaq. Suriyadan, İraqdan, Ukraynadan, Gürcüstandan dərs götürmək lazımdır. Azərbaycan xalqı sanki öz taleyinə, torpağına, özünün başına gələn bütün hadisələrə laqeyddir. Hökumət torpaqların azad edilməsi istiqamətində bütün addımları atmaqla yanaşı, xalqı da ordunun arxasında dayanmağa, ordu ilə nəfəs almağa təşkil etməlidir. Çünki müharibələri ordular başlayır, xalqlar udur. O xalq ki, öz ordusunun arxasında deyil, öz ordusuyla yaşamır, o xalqın da, ordunun da qalib gəlməsi mümkün deyil”x9d.

S.Cəlaloğlu  bildirdi ki, hərbi siyasətdə baş verən aktivliyə uyğun hərəkət edilməlidir: “Məsələn, toplantılar keçirilməli, erməni aqressiyası, Rusiyanın Ermənistanı müdafiə etməsi lənətlənməlidir. Əgər lazımdırsa, camaat küçəyə çıxmalıdır. Orduda olanlar görməlidir ki, arxada da camaat onların mübarizəsinə qoşulur. Yəni dinc, demokratik yolla dəstək verir. Ordu özünü təklənmiş, arxasız hiss etməməlidir. Əsgərlərə qayğı göstərilməli, lazım gələrsə, evlərdən hədiyyələr göndərilməlidir.  Sovet hökuməti dövründə, müharibə dövründə bunu ediblər.  Bütün dünya dövlətlərinin təcrübəsində ordunun necə döyüş əhval-ruhiyyəsini yüksəltmək olar, ordunu döyüşə həvəsləndirmək olar təcrübəsi var. Bu təcrübəyə uyğun Azərbaycan hökuməti də siyasət aparmalıdır”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin