Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.
Bizim.Media xəbər verir ki, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
11.16
Dünən Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Elşad Qabil oğlu Həsənov bu gün dəfn ediləcək.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhidimizin nəşinin bu gün təxminən saat 12-13 radələrində Ağstafa rayonuna gətiriləcəyi gözlənilir.
Bildirilib ki, 1994-cü il təvəllüdlü Elşad Həsənovun yas mərasimi doğulduğu Xətai kəndində olacaq.
Həmçinin Ağstafa rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhidin Xətai kənd qəbiristanlığında və ya Ağstafa Şəhidlər xiyabanında dəfn olunması ilə bağlı onun valideynləri qərarı verəcək.
Məlumat üçün bildirək ki, E.Həsənov müddətdən artıq həqiqi hərbi xidmətdə olan gizir olub. Ailədə bir qardaş və bir bacı olan şəhidimiz təxminən 6 ay öncə ailə həyatı qurub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu