"Hansı binanın üzərində Bank sözü görürəm, titrətməyə düşürəm"

Hazırda oxunan: "Hansı binanın üzərində Bank sözü görürəm, titrətməyə düşürəm"

130286
«Moderator.az» xəbər portalına

Hörmətli redaksiya! Mən istəməzdim ki, belə məsələləri ictimailəşdirəm. Məktub və ərizələrimə 10 ay əvvəl cavab verilsəydi, təkrar sizə müraciət etməzdim. Sahibkarlıqla bağlı maneələrə rast gəldiyimə və Access Bank QSC ilə aramızda müşkülə çevrilmiş kredit problemi ilə bağlı, bankın özbaşınalığı ilə əlaqədar Mərkəzi Bankın sədri E.Rüstəmova, Daxili İşlər naziri cənab R.Usubova, Baş prokuror cənab Z.Qaralova, bankın yerli təşkilatının - filialının rəhbərinə yazdığım şikayət ərizələri nəinki icrasız qalıb, əksinə, mənim əleyhimə bank «icra edərək» faiz və cərimələrini ağılasığmaz həddə hesablayıb. Bank tərəf kimi deyil, inzibati amirliyə cəhd göstərir, mənə və zaminlərimə ultimativ xarakterli məktublar göndərir.

Mən Access Bank QSJ - Cəlilabad filialından 2012ci ildən ayrı-ayrı vaxtlarda illik 30%  olmaqla on minlərlə kredit götürüb, hamısını ödəmişəm. Lakin axırıncı dəfə 30.09.2014-cü il tarixdə 8200 manatla götürdüyüm krediti birinci devolvasiyadan sonra dollarla hesablayıblar. Şifahi söhbətimdə və yazılı məktubumda bildirmişəm ki, mənə pulu manatla vermisiniz, dolların mənə nə aidiyyatı var? Eşitmək istəmirlər. Əvəzində 02.03.2016-cı il tarixdə məktub yazıb hədələyirlər ki, bu tarixə siz banka əlavə 14.200 dollar pul ödəməlisiniz. Götürdüyüm 8200 manatın 8000 manatını ödəmişəm, 3248 manat isə borcum qalıb. Bank isə 02.03.2016-cı il tarixə 3248 manat istəmək əvəzinə 30 926 manat tələb edir. Yazır ki, bu hələ son hədd deyil. Hesablamama görə, qalan 7 ay ərzində bu vəsait 45 000 civarında olajaq. Üstəlik, hüquq-mühafizə orqanlarının adından danışır, cinayət məsuliyyəti ilə hədələyir. Deməli, bank krediti 550% vermiş olur.

Söhbətlərimizin demək olar ki, hamısında bank rəhbərinin milliyyətcə xarici vətəndaş - alman olmasını bank əməkdaşları bildirir və hesablanmış pulu mütləq alacaqlarını vurğulayırlar. Düzdür, mən bu deyimə inanmıram, ona görə ki, əcnəbi - alman, fransız, ingilis belə faiz hesablamağı ağlına belə gətirməz. Bunu məncə, ancaq M.Ə.Sabirin, Mirzə Cəlilin «müsəlmanları» edə bilərlər.

Hörmətli redaksiya! İndi mən başıma gətirilənlərlə bağlı özüm və ailəm üçün qarşımda faciə görürəm. Çıxış yolunu tapa bilmirəm. Ən azı ona görə ki, iqtisadi və fiziki baxımdan tükənməkdəyəm. Təcrübəm, marağım və işçi qüvvəm imkan verir ki, orta səviyyəli sahibkar kimi fəaliyyət göstərim. Bank və bürokratik mühit imkan vermir ki, ayaq üstə duraq.
Bu məktubu yazmaqda həm də məqsədim səlahiyyət sahiblərinə müraciət etmək, eyni zamanda oxuculara mövjud vəziyyətimi izah etmək istəyimdən irəli gəlir. Bizim regionda təkcə mən yox, yüzlərlə insan mənim taleyimi yaşayır.
Xatırladıram ki, 90-cı illərin əvvəllərində vəziyyətin ağır olacağını dərk edərək ailəmizin keçmiş SSRİ-dən qalan vəsaitini əkinçiliyə yönəltdim. Çoxlu pambıq və üzüm istehsal etdik. On tonlarla taxıl istehsal etdik. 92-93-cü illərdə ölkədə taxıl qıtlığı yarananda mən kənd əhalisinin ehtiyacı olanlarına taxıl və un yardımı edirdim. 93-96-cı illərdə yaxşı səviyyədə sahibkarlıqla məşğul oldum. Müəssisə yaratdım, istehsalı artırdım. Lakin 95-96-cı illərdə pambıq zavoduna verdiyim pambığın və şərab zavoduna verdiyim üzümün 2 illik pulunu ala bilmədim. Və mənim kimi bir çoxları da ala bilmədi. İşçilərə borclu qaldım və maliyyə baxımından tükəndim. Müəssisəm müflisləşdi və ləğv olundu. Özəlləşmə zamanı ailəmizin və yaxın qohumların özəlləşmə çeklərini Pambıq zavoduna səhm kimi qoyduq. Divident ala bilmədik. Səhmdar kimi, zavodda nə baş verdiyindən xəbərimiz olmadı. Nəhayət, 17 ildən sonra payımızı az qiymətə satıb, xərcləmək məcburiyyətində qaldıq. 1996-cı ildə əkinçiliyin səmərəsizliyini görüb heyvandarlığa keçdim. Mal-qaranı, qoyunları götürüb kənddən 35 kilometrlik pay torpağımın yanına köçdüm. 20 ildir evdən-eşikdən uzaq düşərək ailəmlə birlikdə heyvan saxlayırıq. Əvvəllər 70-80 baş iribuynuzlu mal-qara, 450-500 baş qoyun saxlayırdıq. Taxıl əkirdim, üzüm becərirdim. İnsan yaşamayan şəraitdə, canavarların, çaqqalların, qabanların əhatəsində əzab-əziyyətlə yaşasam da, bol məhsul istehsal edirdim. Ailəmi və işçiləri dolandırırdım. Taxıl, üzüm, ət, süd, toyuq, yumurta istehsal edib, satırdım. 1000 başdan yuxarı yumurtlayan toyuq saxlayırdım. Bu mülkiyyəti heç bir kredit, başqasının köməyi olmadan əldə etmişdim. Nə qədər ki, banka - Access Bank QSC-nin Cəlilabad filialına ilişməmişdim. Əvvəlcə (2 il əvvəl) elektrik enerjisini kəsdilər. Əkinləri suvarmaq üçün əkin suyundan məhrum etdilər. Sonra Access Banka 30% kreditlə nökər işlədim. Milli valyutamız 34%  devolvasiyaya uğradı, 30% isə banka ödəməli oldum. 20% məhsulun maya dəyəri artdı. Məhsullarım əvvəlkindən 30% ucuzlaşdı. Əkin əkə bilmədim, mal-qaranı satdım, yanımda işçilər qalmadı. Torpaq becərmək üçün illərlə əldə etdiyim texnikaları da satdım. DT-75 markalı traktorumu, Zil-130 markalı yük avtomobilimi, SNP-80 markalı su nasosumu, kotanımı, kultivatorumu, 3 ədəd elektro nasosları dəyər-dəyməzinə satmaq məcburiyyətində qaldım. İndi cəmi 10 baş inəyim, 30 baş qoyunum qalıb. Onları da tək özüm becərir, otarır, çobanlıq edirəm. Qohum-əqrəbadan xeyli miqdarda borc pul alıb banka ödədim. İndi aldığım borc pulların sahibləri haqlı olaraq pullarını istəyirlər. Ona arxayınam ki, qohumlarım məndən şikayət etməzlər. İmkanım olan kimi onların pullarını ödəyəcəyəm. Amma Access Bank imkanı olsa, boyun damarımı kəsib, vampir kimi qanımı içər. Belə bir vəziyyətdə Access Bank 8200 manat verdiyi kreditə 45 000 manat pul tələb edir. Satmağa bir şeyim yoxdur. Bank malımı əlimdən aldı, indi də canımı alır.

Razıyam, kim istəyir zonamızda olan nisbətən imkanlı birisi əlimdə olanlarla birgə məni də alsın, amma ailəmə bir qarın çörək versin. Təəssüf ki, beləsi də yoxdur. 
Az qala bir kiçik kolxozun istehsalı qədər məhsul istehsal etmək iqtidarında olan bir sahibkarın - özümün necə müflisləşmə dramını yazdım. Onu da bildirim ki, mən heyvanlarla birgə yaşamağa başlayanda 30 yaşım var idi. İndi 57 yaşım var. Özümün məhsuldar dövrümü Biləsuvarın istidən yanan səhralarında keçirdim. Əkinçilikdə heç bir təməl qoya bilmədim. Mal-qaram, qoyunlarım əlimdən çıxdı, canımın yarısını itirdim. Qalan yarısı da qurban olsun Access Banka. Onsuz da yaşlı və yarım canımın heç bir perspektivi yoxdur. Access Bankın təcavüzünə məruz qalmışam. 
Hamı çox gözəl bilir ki, mövcud şəraitdə əkinçilik və heyvandarlıqda 20% belə, mənfəət qalmır. Bu halda Access Bankın 30% istehlak krediti verməsi istehsalçının ən azı 10% zərərlə işləməyinin təbii ki, perspektivi ola bilməz. Perspektiv Access Banka hesablanıb. Doğrudanmı, bir neçə nəfərin qısa müddətdə əhalinin kasıb hissəsinin mayasını yeməklə külli miqdarda varlanması vacib məsələdir? Bu bank kredit vermək təbliğatı aparır, evlərə bukletlər paylayır ki, ondan kredi alsınlar. Hüquqi biliyi az, müqavilə sənədlərini oxuya bilməyən, oxusa da başa düşməyən ehtiyac içində yaşayan kəsimini tez bir zamanda tora salır və onları özlərinə nökər işlədirlər. Elə bir çərçivə müəyyən edilib, çox sahə əkəndə və daha çox heyvan saxlayanda, daha çox ziyana düşürük. Bizim kimi insanların hüquqlarını müdafiə edən normal bir təşkilat da yoxdur. Belə məsələlər sözün əsl mənasında mədəni şəkildə mən və mənim kimi insanların istismarıdır, mənəvi və fiziki zorakılıqdır. Hansı binanın üzərində Bank sözü görürəm, titrətməyə düşürəm. 

Bununla mən «Bir gəncin manifesti»ndən bir gəncin - özümün qısaca həyat hekayəmi yazdım. Ona görə yazdım ki, həyat eşqi ilə istehsal prosesinə girişən və sonunda həyat eşqimin necə söndürülməsini xatırladım və bəyan edim. Bu məktubu yazmaqda həm də məqsədim odur ki, heyvandarlıqla məşğul olanlar və mütəxəssislər bilir ki, heyvandarlıq Azərbaycan şəraitində - xüsusən Aran zonasında rentabelsiz sahədir, amma istehsalı vacibdir. Ona görə heyvandarların, əkinçilərin yanında hökumət dayanmalıdır.

Hörmətli redaksiya! Heç olmasa, siz bir nəfər əməkdaşınızı göndərin bizim məşğuliyyətimizi, səmərəsizliyimizi araşdırsın. Bizə baxanda görəcəksiniz ki, bu insanlar adama yox, adamaoxşar bir məxluqdurlar. Bəli, mən demək olar ki, 27 illik sahibkarlıq fəaliyyətimi «başa vurdum». Daha doğrusu, başa vurdular.
Axı, həyat davam edir. Biz gedirik, gənc nəsil gəlir. Bu nəsil bizim kimi valideynlərin aqibətini yaşamaq istəməyəcək. Bu yazını oxuyan səlahiyyət sahiblərindən xahiş edirəm fikirləşsinlər. Bir anlığa özlərini mənim yerimdə hiss etsinlər. Mənim kimi on minlərlə insanların taleyinə heç omasa, acısınlar. Axı, bizlərin daha yaxşı yaşamağa imkanı və haqqı var. 

Hörmətlə: Yusif Rəhimoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin