Türkiyənin "Aktif Pharma" şirkəti Azərbaycanda dəstəkləyici tibbi məhsulların istehsalına başlayıb.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi fabrikdə Azərbaycanda ilk dəfə olaraq vitaminlər, minerallar, prebiyotiklər və simbiotiklər kimi məhsullarla zənginləşdirilmiş bütün qida əlavələrinin istehsalı həyata keçiriləcək.
Bununla yanaşı, şirkət digər inqrediyentlərin də istehsalını da hədəfləyir.
Belə ki, kimya, əczaçılıq və tibb sənayesi şirkəti Türkiyədə 16 illik təcrübəyə malik peşəkar komanda ilə bioloji aktiv qida əlavələri, gigiyenik və kosmetik məhsulların istehsalı ilə məşğuldur. Şirkət tərəfindən kapsul, tablet, şərbət, damcı, sprey, paket, blister və krem kimi bütün məhsul qrupları istehsal olunur.
Bəs, bu cür yeni istehsal məkanlarının yaradılması Azərbaycanda dərman qiymətlərinə təsir edə bilərmi? Ümumiyyətlə, qiyməti baha, bəzən tapmaqda çətinlik çəkdiyimiz dərman problemimizi həll etmək üçün nə etməliyik?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycan il ərzində 505 milyon dollarlıq dərman vasitələri idxal edir və son üç ildə ölkəmizə olan dərman idxalı iki dəfəyə yaxın artıb:
MÖVZU İLƏ BAĞLI:
Dərman vasitələrinin qeydiyyatında YENİ QAYDA
“Bu sahədə problemin həlli istiqamətində idxaldan asılılığın aradan qaldırıması və yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Yerli istehsal, həm idxalın minimallaşdırılması, həm də ölkədən valyuta axınının azaldılması baxımından vacibdir.
Eyni zamanda, bu həm də qiymətlərin optimallaşdırılması aspektindən olduqca əhəmiyyətlidir. Çünki istehsalın genişləndirilməsi istehlak bazarında qiymətlərə təsir baxımından ən strateji, ən səmərəli yoldur”.
Deputat bildirib ki, Azərbaycanda dərman istehsalı genişləndikcə, yerli istehsalın həcmi artdıqca biz dərmanların qiymətlərinin azalması və optimallaşdırılmasını müşahidə edə biləcəyik.
Aygün İbrahimli, Bizim.Media