4 aprel 2023-cü il tarixdə portalımızda “Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ – “ADRA-nın səhv qərarları...” sərlöhvəli araşdırma material dərc olunub. Materialda yerli istehsalın stimullaşdırılmasında reklamın rolundan söhbət açılmış və ADRA-nın yanlış qiymət siyasətinin yerli istehsala vurduğu zərbədən bəhs olunub.
Material dərc olunduqdan sonra ADRA-dan Bizim.Media-ya məktub daxil olub. Agentliyin cavab məktubunda deyilir ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Prezident İlham Əliyevin 19 dekabr 2017-ci il tarixli Fərmanına əsasən tənzimlənir:
MÖVZU İLƏ BAĞLI:
ADRA şəhərdəki reklam mətnlərinə niyə göz yumur? – Millət vəkilindən ETİRAZ
“Ödənişlər reklamların yerinə, növünə və ölçülərinə görə dəyişir. ADRA-nın internet saytı adra.gov.az-da ( //adra.gov.az/az/page/tariff ) dövlət rüsumu və yayım haqları barədə rəsmi sənədlər yer alıb.
Qanunvericilikdə açıq məkan reklamlarına görə, dövlət rüsumu və yayım haqları məsələsində yerli istehsalçılar və əcnəbi şirkətlər arasında fərq qoyulması nəzərdə tutulmayıb”.
Göründüyü kimi, ADRA açıqlamasında yalnız qanunvericiliyin tələblərinə istinad edib. Əsas problem kimi qoyulan yerli istehsalın stimullaşdırılması məsələsindən isə bəhs olunmur.
Dolayısı ilə Agentlik etiraf edir ki, yenicə ayağa qalxan, maddi dayanıqlılığı zəif olan yerli istehsalçılarla dünya brendlərinə qiymət siyasətində heç bir fərq qoymur.
Bundan başqa ADRA son illərdəki iqtisadi göstəriciləri barədə də məlumat verib. Məlumatda deyilir ki, 2018-ci ildə Ağentlik 13 milyon 263 min manat vəsait əldə edib ki, bunun da 2 milyon 115 min manatı xalis gəlir olub.
Lakin, sonrakı illərdə Ağentliyin gəlirləri sürətlə azalıb. Beləki, 2019-cu ildə Agentliyin büdcəsinə 7 milyon 227 min manat vəsait daxil olub ki, bunun da cəmi 1 milyon 152 min manatı təmiz gəlir olub.
2020-ci ildə ümumi gəlir 6 milyon 211 min, xalis gəlir 1 milyon 345 min, 2021-ci ildə isə ümumi gəlir 6 milyon 778 min, xalis gəlirsə vur-tut 932 min manat olub.
Göründüyü kimi ADRA-nın fəaliyyətdə olduğu son 5 ildə gəlirləri ilbəil azalıb.
Məsələ ilə bağlı danışan Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov Bizim.Media-ya bildirib ki, kiçik sahibkarın orta sahibkara, orta sahibkarınsa brendə çevrilməsində reklamın rolu əvəzsizdir:
“ADRA-nın yaradılmasında da hədəflərdən biri bu idi. Bunun üçün Agentlik reklam bazarında azad rəqabət yaratmalı, ədalətli qiymət siyasəti aparılmalı idi. Lakin ötən 5 ildə biz bunu görmədik. ADRA yalnız açıq məkanda reklama nəzarət edir.
Bizim İttifaqın apardığı monitorinqlər nəticəsində məlum olub ki, ölkə iqtisadiyyatı son 5 ildə 22-25 faiz böyüsə də, reklam bazarında bu böyüməni hiss etmirik. Bəlkə də var. Amma bu rəsmi rəqəmlərdə öz təsdiqini tapmır. Çünkü sərbəst qiymət mexanizmi yoxdur. Açıq məkanda ADRA-nın standart qiymət siyasəti həm reklamvericiləri incik salıb, həm də yerli istehsalçıları bazardan sıxışdırıb çıxarıb”.
Sədr onu da qeyd edib ki, ADRA-nın fəaliyyətindəki digər problem inhisarçılıqdır:
“Agentlik birbaşa reklamların quraşdırılması və yerlərin ayrılması ilə məşğul olmur. Bu işləri Agentlik rəhbərlərinə yaxın şəxslərə məxsus şirkətlər həyata keçirir. Həmən şirkətlərinsə reklamvericilərlə öz iş metodları var.
Bu şirkətlər təbii ki, dövləti və milli maraqları yox, öz qazanclarını düşünürlər. Ona görə də yerli istehsalçılar açıq məkanda reklam verməyə həvəs göstərmirlər. Bu da həm yerli istehsalı boğur, həm də büdcə gəlirlərinə mənfi təsir göstərir. Ona görə də ADRA öz siyasətinə yenidən baxmalıdır. Əks təqdirdə yaxın gələcəkdə biz daha biabırçı mənzərə ilə üz-üzə qala bilərik”.
Millət vəkili Aydın Hüseynov isə bildirib ki, reklam iqtisadiyyatın inkişafını stimullaşdıran amildir:
“Reklam iqtisadiyyatda həm təşviq rolunu oynayır, həm də büdcə gəlirlərinə öz payını verir. Çox təəssüf ki, ADRA bu məsələni diqqətdən kənarda saxlayır. Yerli şirkətlərlə xarici şirkətlərə münasibətdə fərq qoyulmur. Əslində yerli istehsalçılara daha aşağı qiymətə reklam yeri ayrılmalıdır.
Çünki, yerli istehsalçılarımızın transmilli və yaxud Beynəlxalq brendlərin reklam büdcəsi qədər vəsaiti yoxdur. Bu çox həssas məsələdir. Hesab edirəm ki, ADRA yerli istehsalın stimullaşdırılmasına daha çox diqqət yetirməlidir. Bu sahədəki problem nə qədər tez aradan qalxsa, dövlətimiz və xalqımız daha çox qazanar”.
Surxay Atakişiyev, Bizim.Media