“Azərbaycanda Xəzər dənizində və eləcə də çaylarda balıqların sayı tükənmə səviyyəsinə çatıb. Viləş, Kür, Araz kimi çayların hamısının suyu azalıb. Ona görə də təbiətdə özü çoxalan balıqlarla bağlı ciddi problem yaranıb”.
Bunu Bizim.Media-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov deyib.
MÖVZU İLƏ BAĞLI:
Arazda ölü balıqların peyda olması ilə bağlı ARAŞDIRMA BAŞLADI – VİDEO
Süleyman Süleymanov balıqlara bağlı yaranmış çıxılmaz vəziyyəti yaradan səbəblərdən bəhs edib. Onun sözlərinə görə, səbəblər arasında qeyri-qanuni balıq ovlanması problemi də var:
“1990-cı ildə tədqiqat apardıq. O zaman çox balıq növləri ancaq çoxsaylı, az bir hissə azsaylı idi. Bu gün elə bir şərait yaranıb ki, artıq azsaylı balıqlar yox olmaq təhlükəsi ilə üzləşib.
“Balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramı” var. Biz bu proqrama dəstək olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə balıqların ovlanmasının qadağan olduğu müddəti açıqlayırıq. Balıqların ilboyu ovlanması, onların növ tərkibini azaldır, amma tamamilə sıradan çıxmasına səbəb olmur. Balıqların ovlanmasına ancaq kürütökmə prosesindən sonra icazə verilir.
Bu qaydalara baxmayaraq, brokonyerlər ilboyu dənizdə və yaxud da şirin su hövzələrində balıqları ovlayırlar. Bu gün Xəzər dənizində, eləcə də şirin su hövzələrində balıq ehtiyatı tükənmək üzrədir. Problemin səbəbi yalnız qanunsuz ovlanma deyil, başqa məsələlər də var.
Dənizdə ekoloji şərait dəyişib, çaylarda su azalıb. Dənizdə yaşayan balıqların vəziyyəti yenə müəyyən qədər yaxşıdır. Onlar kürülərini elə dənizdə tökürlər.
Amma dəniz səviyyəsinin aşağı düşməsi, çayda suların azalması dənizdə yaşayıb kürüləmək üçün çaylara gedən balıqlar üçün çətin vəziyyət yaradıb”.
Mütəxəssis bildirib ki, dənizin səviyyəsi azalanda sahilyanı ərazilərdə bitki örtüyü sıradan çıxır, ona görə də bitkilərin üzərinə kürü tökən balıqlar kürü tökməyə yer tapmır:
“Çəkikimilər iki yaşından sonra nəsil verməyə başlayırlar. Əgər balıqların kürü tökməyə yeri yoxdursa, o zaman heç balıq ovçuları da ovlamağa balıq tapmır. Ümumiyyətlə, dənizdə yaşayıb, həm də dənizə kürü tökən balıqların ehtiyatı da əvvəlki illərlə müqayisədə azdır, amma bitkilərin üzərinə kürü tökən balıqların vəziyyəti daha pisdir.
Mingəçevir su anbarındakı vəziyyətə baxaq. Bu saat hamı Kür çayında suyun olmamasından şikayət edir. Əgər Mingəçevirdə olan su ehtiyatının hamısını açıb Kür çayına buraxsalar, o zaman orada olan canlıların vəziyyəti necə olacaq? Bunu da düşünmək lazımdır.
Məsələn, Ceyranbatan su anbarında balıq ovlanmasına icazə verilmir, amma suyun qıtlığı nəticəsində birdən-birə suyun səviyyəsi 5-6 metr düşə bilir. Bu isə su hövzəsində yaşayan balıqların məhvi deməkdir”.
Balıqlar üçün çıxış yolu varmı?
Müsahibimiz bildirib ki, problem hər nə qədər təbiətdə gedən proseslərdən qaynaqlansa da, tədbirlər görülməlidir:
“Balıqların kürüləmə dövründə onlara kürülərini tökmələri üçün şərait yaratmaq vacibdir. Çünki əsas problem balıqların çoxalma yerlərinin sıradan çıxmasıdır. Əgər balıqlar kürüləmək üçün yer tapa bilsələr, nə qədər ovlansa da, yenə də ehtiyatın tükənməsi problem ilə üz-üzə qalmarıq. Amma balıqların çoxalma yerləri sıradan çıxdığı üçün iki-üç ildən sonra artıq biz tükənən balıqların adını “Qırmızı kitab”da görəcəyik.
Amma qeyri-qanuni balıq ovlanması halları da problemin inkişafına təkan verir. Mingəçevirdə apardığımız müşahidələr göstərir ki, orada ilboyu qeyri-qanuni balıq ovlanması var. Bunun nəticəsində çoxsaylı balıqlar bu gün azsaylı olub. Elə balıq növləri var ki, artıq onların arasında yaşlı balıqlara rast gəlinmir. Balıqlar özlərini qorumaq üçün formalarını belə dəyişir. Ona görə də insanlar heç olmasa, var olan qanunlaraəməl etməlidirlər”.
S.Süleymanov onu da vurğulayıb ki, balıqların kürü tökməsi üçün süni məkanlar yaratmaq olar:
“Hələ 1956-cı ildə Kiçik Qızılağac körfəzində bənd atıldı və iki-üç yerdə balıqların kürü tökməsi üçün şərait yaradıldı. Amma təəssüf ki, bu gün Kiçik Qızılağac körfəzinin özünə su gəlmir. Su gəlməyən yerə balıq necə daxil ola bilər? Eləcə də Kür çayına balıq geçə bilmir. İstədik-istəmədik suyun müəyyən hissəsi təsərrüfat üçün ayrılır.
Əvvəllər su bol idi. Kür çayı daşanda qarşısı bəndlərlə alınırdı. İndi isə suyun səviyyəsi 40-50 metr düşüb. Qapalı yerlərdə müəyyən balıqları çoxaltmaq olsa da, dəniz balıqları üçün bu mümkün deyil. Məsələn, Kütüm balığını qapalı sistemdə artırmaq olmur.
Düzdür, dənizdə suyun səviyyəsinin azalması bizdən asılı deyil. Amma çalışıb bir çıxış yolu tapmalıyıq. Çayın suyunu müəyyən qədər dənizə yönəltmək, təsərrüfatlara hissə-hissə istifadə etmək olar.
Əgər çayın suyu heç olmasa, az miqdarda da olsa, dənizə çatsa, balıqlar kürü tökə bilər. Məsələn, Qızıl balıq ildə sadəcə bir dəfə Kür çayı ilə gedib kürü tökürdü. Onlar sadəcə bir dəfə kürü tökür, amma indi o bir dəfəni belə edə bilmirlər”.
Aygün İbrahimli, Bizim.Media