Fermer Etibar Nuriyev Cənubi Qafqazda ilk aqroekoturizm məkanını neçə ilə və necə ərsəyə gətirib?
Bizim.Media xəbər verir ki, şəkili fermer Etibar Nuriyev illərdir ki, dünya təcrübəsindən faydalanaraq öz brendini yaratmağa çalışır. Bu mənada artıq müəyyən nailiyyətləri də var.
“Biogarden” adlanan bu məkan artıq yerli və beynəlxalq turizm marşrutlarına daxil edilib.
Fermeri dostları niyə inadından döndərmək istəyib?
2010-cu ilə kimi bu ərazilər bataqlıq, qamışlıq bir yer olub. Hətta əkin üçün də yararlı olmayıb. Fermer Etibar Nuriyev məhz bu bataqlıqda gülüstan yaratmaq qərarına gəlib. O dünyanın bir çox ölkələrində gördüklərini burda tətbiq etmək istəyir. Dostları bataqlıq əraziyə sərmayə qoymağın faydasız olduğunu desələr də o, inadından dönməyib.
Bu məkan, Oğuz-Şəki avtomobil yolunun 1 kilometrliyində yerləşir. Bu bağ ölkəmizdə, eləcə də Cənubi Qafqazda hələlik ilk və yeganə aqroekoturizm bağıdır. Təsərrüfatda ölkəmizin bütün bölgələrinə xas meyvə və giləmeyvələr, eləcə də dünyanın əksər dövlətlərindən gətirilərək yetişdirilən ekzotik ağac növlərinə və meyvələrinə rast gəlmək olar.
Bu bağa daxil olan hər kəs ilk addımındaca başqa bir aləmə düşdüyünü hiss edir. Çünki buranın flora və faunası, sakit mühiti insanda başqa bir aura – dinclik yaradır. Qeyd edək ki, burda musiqi səsləndirmək, siqaret çəkmək qadağandır. Buranın musiqisi təbiəti və quşların səsidi. Hər yanımızı əhatə edən ağacların, çiçəklərinin qoxusu insanı valeh edir.
Beləcə yaşıl keçidin sonunda təsərrüfatın qurucusu Etibar Nuriyev sülh elçiləri-göyərçinləri ilə bizi qarşılayır.
Əslində burada təqdimata bir o qədər də ehtiyac yoxdu, çünki təbiət dil açıb burda insana hər şeyi deyir.
Bağ ilin bütün fəsillərində qonaqlı-qarlıdı. Çünki buranın infrastrukturu, bitki örtüyü, meyvə və giləmeyvə ağacları məhz ziyarətə gələnlərin istifadə etməsi üçün əkilib. İnsanlar burada gəzib dincəlməklə yanaşı həm də yetişən meyvələrin dadına baxa bilirlər. İndi meyvə mövsümü olmasa da fermer bunu da düşünüb. Soyuducuda saxlanan bağın meyvəsindən arzu edənlərə hədiyyə olunur.
Turistləri bağda əsasən nə cəlb edir?
Bağçanı ziyarətə gələn filippinli Rolandla yaşıl tuneldə qarşılaşırıq. Məlum olur ki, ötən gün ailəsi ilə burda olub. Həyat yoldaşının xoşuna gəldiyindən təkrar gəliblər. Gəlmələrinin əsaslı səbəbi də var:
“Bu turizm marşrutuna xəritədə rast gəlmişdim. Avropa ölkələrindən birində gəzdiyim aqroekoturizm bağçasından tamamilə fərqlənir. Burada insan sakitlik tapır. Xüsusən quşların səsi, arıların çiçəklərdən şirə toplaması bizi heyran etdi”.
Seyyid İntihab Ali isə təsərrüfata ikinci dəfə gəldiyini deyir. Hindistanlı turist üç il əvvəl burda olub:
“İlk dəfə gələndə payız ayları idi. Hava bir az çiskinli idi. Amma qapıdan daxil olub ilk addımlarımı atanda hiss etdim ki, başqa bir aləmə düşmüşük. Sanki nağıllardakı kimi... Bu dəfə də qərar verdik ki, Azərbaycana gəlib bu bağçanın yaz fəslində gözəlliyinin şahidi olaq. Burda qalmalı olsaq, yenə də gələcəyik”.
Başı qonaq-qaraya, təsərrüfat işlərinə qarışan Etibar Nuriyevlə həmsöhbət oluruq.
Söhbət əsnasında deyir ki, fəaliyyətinin ilk 9 ilində bu işləri haqqında ailə üzvləri və yaxın dostlardan başqa heç kimə deməyib. Son bir neçə ildə məkan turizm sektoru üçün açıq elan edilib. İlk qonaqları da “Kənddən şəhərə” layihəsinin iştirakçıları olub. Hazırda Dövlət Turizm Agentliyinin əsas marşrutlarından birinə çevrilən bu məkan ilin bütün fəsillərində qonaq qarşılayır. Sadəcə olaraq, Etibar Nuriyev işini daha mükəmməl qurmaq istiqamətində bir an belə dayanmadan təsərrüfatda yeniliklər həyata keçirir. Məqsəd hər bir turistin zövqünü oxşamaq, ruhən rahatlığını təmin etməkdir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 10.04.2023
Bataqlıqda yaradılan GÜLÜSTAN – Cənubi Qafqazın ilk aqroekoturizm məkanından FOTOREPORTAJ
Hazırda oxunan: Bataqlıqda yaradılan GÜLÜSTAN – Cənubi Qafqazın ilk aqroekoturizm məkanından FOTOREPORTAJ
Hazırda oxunan: Bataqlıqda yaradılan GÜLÜSTAN – Cənubi Qafqazın ilk aqroekoturizm məkanından FOTOREPORTAJ
129979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.