Qlobal iqlim dəyişkənliyi fonunda su ehtiyatlarından daha səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması vacib amillərdən biridir. Mövcud suvarma şəbəkələrinin təxminən 70 faizinin torpaq məcralı olması böyük su itkilərinin yaranmasına səbəb olur.
Odur ki, su itkilərinin azaldılması məqsədilə suvarma şəbəkələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması, mövcud infrastrukturun müasirləşdirilməsi, suvarmada mütərəqqi və suya qənaətedici texnologiyaların genişləndirilməsi tələb olunur.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Meliorasiya və su Təsərrüfatı ASC-nin rəmisi Riyad Axundzadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın da ölkə ərazisində 10 ədəd su anbarının yaradılması, 20 ədəd suvarma kanallarının yenidən qurulması, o cümlədən 1 ədəd hidroqovşaq və 1 ədəd magistral kollektorun yenidən qurulması nəzərdə tutulub.
Bu tədbirlərin həyata keçirilməsi ilə mövcud su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və əlavə su ehtiyatlarının yaradılması təmin ediləcək.
“Sözügedən suvarma kanallarından 2-si İmişli rayonu ərazisində yerləşir. Öz axımı ilə Araz çayından qidalanan və 42,5 km uzunluqlu, başlanğıcında su sərfi 8,6 m3/san olan Boztəpə kanalı 1924-cü ildə inşa edilib. Keçən müddət ərzində kanalın torpaq məcrası deformasiyaya uğrayıb, dərinləşib və genişlənib, nəticədə kanalda su itkisi 30-40 %-ə çatıb.
Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığı dönəmlər də özəlliklə kanalın sonunda yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatı çətinləşib. Yenidənqurma işlərindən öncə Boztəpə kanalının faydalı iş əmsalı 0,64 l/san olub ki, işlər başa çatdıqdan sonra bu rəqəmin 0,85 l/san-ə yüksəlməsi planlaşdırılır.
Layihə çərçivəsində I mərhələdə Boztəpə kanalının, II mərhələdə ondan qidalanan 5 ədəd I, 58 ədəd II və III dərəcəli suvarma kanalının yenidən qurulması nəzərdə tutulub. Hazırda Boztəpə kanalının xidməti ərazisi 8900 ha təşkil edir ki, yenidənqurma işlərinin sonunda sözügedən kanalın suvaracağı sahənin daha 875 ha artırılaraq 9775 ha-a çatdırılacağı planlaşdırılır”.
Hazırda kanalın 38 km-lik hissəsinin kol-kosdan təmizlənmə, lil qatının çıxarılması və daşınması ilə yanaşı, keyfiyyətli tökmə işləri aparılır. 3 km hissədə dəmir-beton üzlənməsi işləri artıq başa çatıb.
Riyad Axundzadə bildirib ki, İmişli rayonu ərazisində yerləşən və yenidən qurulması nəzərdə tutulan digər kanal Qızılarx kanalıdır:
“Başlanğıcını Cənubi Muğan kanalından götürən və 30 km uzunluqlu 10,9 m3/san sərfə malik torpaq məcralı Qızılarx kanalı 1960-cı ildə istismara verilib. Bu kanal da keçən illər ərzində deformasiyaya uğrayıb, faydalı iş əmsalı 0,65-ə düşüb ki, bu rəqəmin də 0,85-ə yüksəldilməsi nəzərdə tutulub”.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 10.04.2023
Aran rayonlarında suvarma şəbəkəsi yenidən QURULUR – FOTO
Hazırda oxunan: Aran rayonlarında suvarma şəbəkəsi yenidən QURULUR – FOTO
Hazırda oxunan: Aran rayonlarında suvarma şəbəkəsi yenidən QURULUR – FOTO
129942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.